“28 məhbusun yanında keçirilmiş axtarış nəticəsində aydındır ki, İlqarın əşyaları arasında qanuna uyğun olmayan heç nə tapılmayıb”
Mayın 18-də vəkil Fuad Ağayev REAL Siyasi Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla telefonla danışıb. Bu barədə Fuad Ağayev Meydan TV-yə bildirib: “Məlum oldu ki, mayın 14-də adbaad yoxlamadan (16:30-da keçirilir) bir qədər əvvəl onun kamerasına cəzaçəkmə müəssisəsinin beş əməkdaşı gələrək axtarış aparacaqlarını bildirmişlər, həmin kamerada saxlanılan 28 məhbusun yanında keçirilmiş axtarış nəticəsində aydındır ki, İlqarın əşyaları arasında qanuna uyğun olmayan heç nə tapılmayıb. Bundan bir qədər sonra İ.Məmmədov cəzaçəkmə müəssisəsinin rəis müavini Emil Həsənovun yanına çağırılmış, orada ona bildirilmişdir ki, guya o, axtarış keçirənlərə mane olub və buna görə intizam qaydasında 7 günlüyə karserdə saxlanılacaqdır. İlqar bunun yalan olduğunu bildirmiş, yazılı qaydada qərara qəti etiraz edərək müdafiəçisi ilə görüşünün təmin olunmasını tələb edib. Lakin buna əhəmiyyət verilməyib”.
Fuad Ağayev deyib ki, mayın 15-də görüşə gələndə onu cəzaçəkmə müəssisəsinə buraxmayıblar: “İlqar Məmmədovun müdafiə hüququnu bir daha kobud şəkildə pozublar. Elə həmin gün Ombudsman Aparatının əməkdaşı İlqarla görüşərək baş verənlər haqqında ətraflı məlumat alıb: “Bu səhər İlqar Məmmədovu karserdən müəssisənin rəisinin yanına gətirmiş, daha sonra o, tibbi müayinədən keçib. Qan təzyiqinin və nəbzin normal olması müəyyən edildikdən sonra İlqar ümumi kameraya qaytarılıb”.