İlqar Məmmədov: İlham Əliyev ya məni azad etməlidir, ya da…

İlqar Məmmədov Avropa Şurasının qərarına münasibət bildirdi

Source:


”Əliyev ya məni azad etməlidir, ya da ölkə Avropa Şurasından qovulacaq”

“Oktyabr ayının 25-nə qədər Əliyev ya məni həbsdən azad etməlidir, ya da ölkənin Avropa Şurasından qovulması prosesi başlayacaq. Xalqımız haqsız-hüquqsuz asiyalı olmağın yükünü daşımağa hazırdırmı?”

Bu sözləri ReAL Hərəkatının sədri İlqar Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin son qərarına münasibət bildirərkən deyib.

Məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov öz “Facebook” səhifəsində yayıb.

İlqar Məmmədov hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib. Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən katibliyə tapşırılıb ki, ReAl Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın.

Layihədə ölkənin Avropa konvensiyasının 46/1 maddəsi (Avropa məhkəməsinin qərarını icra etməmək) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa Məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

Əgər 2017-ci il oktyabrın 25-dək İlqar Məmmədovun azadlığının təmin olunmasında irəliləyiş olmasa, qətnamə komitənin həmin tarixdə keçiriləcək iclasına çıxarılacaq.

Avropa Şurasının 68 illik praktikasında 46-cı maddə hələ tətbiq edilməyib.

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.

Ana səhifəXəbərlərİlqar Məmmədov: İlham Əliyev ya məni azad etməlidir, ya da…