ƏVVƏLKİ HÖKMƏ HEÇ BİR DƏYİŞİKLİK EDİLMƏYİB
Aprelin 29-da Şəki Ağır Cinayətlər Məhkəməsi ReAL sədri İlqar Məmmədovun həbsdə qalması ilə bağlı qərar çıxarıb.
Bu barədə Meydan TV-yə İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, əvvəlki hökmə heç bir dəyişiklik edilməyib.
23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.Avropa Məhkəməsinin qərarına görə – İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
Ötən ilin iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb.
Toplantının protokolunda göstərilir: “İlqar Məmmədov Azərbaycana qarşı” işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.