“Əliyev rejimi Sarkisyan rejiminə gözəl bəhanə yaradıb ki, Dilqəm və Şahbazı azı 3 il sərbəst buraxmasın”
ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə şərh bildirib. Bu barədə ReAL-ın saytında məlumat
dərc olunub.
Hazırda Avropa İnsan Haqları Məhkəməsi həmin şəxslərin işi üzrə kommunikasiyaya başlayıb.
İlqar Məmmədov deyib ki, Dilqəm və Şahbazın işi üzrə ərizə Avropa Məhkəməsinə lazımi keyfiyyətdə hazırlanmışdırsa, 2018-də Məhkəmə onların xeyrinə qərar verəcək:
“Hazırda iki şərhim var: Birincisi, mənim işimə dair Avropa Məhkəməsinin 2014-də verdiyi qərarını 3 ildir icra etməyən Əliyev rejimi, Sarkisyan rejiminə artıq gözəl bəhanə yaradıb ki, Dilqəm və Şahbazı 2018-dən sonra da azı 3 il sərbəst buraxmasın.
İkincisi, Əliyev üçün məni içərdə saxlamaq Şahbaz və Dilqəmi işğalçıların əsirliyindən qurtarmaqdan daha vacibdir. Odur ki, dövlətin dəstəyi ilə hazırlanmış kimi görünən sözügedən ərizə Dilqəm və Şahbazı Avropada qəsdən uduzdurmaq, sonra isə Avropa Məhkəməsinin “ədalətsizliyi” haqda səs-küy salmaq məqsədini güdə bilər”.
2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.
Avropa Məhkəməsi “Firuzə Əsgərova və Albina Veselova Ermənistana qarşı” işi üzrə kommunikasiyaya başlayıb. Bu şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.
İlqar Məmmədov isə 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.