İlqar Məmmədov: Bu prosesin uzanmamasının yeganə yolu o qərarın tezliklə verilməsidir

Partiya sədrinin kassasiya şikayətinə baxılıb

Source:


Partiya sədrinin kassasiya şikayətinə baxılıb

Fevralın 5-də Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb. Şikayət İ.Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apelyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarından verilib.

Hakim Əhməd Nurməmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində elan olunub ki, İ.Məmmədovun vəkili Fuad Ağayev əlavə kassasiya şikayəti verib.

Zərərçəkmiş qismində tanınan polislərə məhkəmə barədə məlumat verilsə də, gəlməyiblər. Onlara kassasiya şikayətinin surəti çatdırılmayıb.

Vəkil Fuad Ağayev bu əsasla məhkəmənin təxirə salınmasına etiraz edib. Bildirib ki, şikayətə əlavədə yalnız İlqar Məmmədova aid olan cüzi dəqiqləşmə var. Vəkilin sözlərinə görə, bu cinayət işi üzrə məhkəmələr 2013-cü ildən davam edir.

Lakin prokuror da, məhkəmə də hesab edib ki, kassasiya şikayətinə əlavə ilə həm ittiham tərəfi, həm də zərərçəkənlər tanış olmalıdır.

Bu əsasla da məhkəmə 28 marta qədər təxirə salınıb.

İ.Məmmədov jurnalistlərə açıqlamasında bunu prosesin uzadılması kimi qiymətləndirib. Bildirib ki, ölkə rəhbərliyi ona münasibətdə ədalət mühakiməsini inkar etməkdə davam edir:

“Azərbaycan rəhbərliyi mənə qarşı ədalət mühakiməsini inkar edir”.

Siyasi motivlərlə həbs olunduğunu və 5 il yarımdan çox saxlandığını deyən partiya sədri əlvə edib ki, hazırda Avropa Məhkəməsinin Böyük Palatasının onun işi üzrə qərarını gözləyirlər: “Bu prosesin uzanmamasının yeganə yolu o qərarın tezliklə verilməsidir”.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu 2018-ci il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Ana səhifəXəbərlərİlqar Məmmədov: Bu prosesin uzanmamasının yeganə yolu o qərarın tezliklə verilməsidir