İlqar Məmmədov: Azərbaycan Avropa Şurasından çıxsa…

”Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınmasına start verilə bilər”

Source:
İlqar Məmmədov və İlham Əliyev
İlqar Məmmədov və İlham Əliyev

“Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərinin pisləşməsində AŞ-nın Baş Katibi cənab Yaqlandı günahlandırır. Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın AŞ-dan çıxarılma sanksiyası ilə bağlı qərarı Baş Katib Yaqland deyil, AŞ-nın üzvü olan 46 ölkənin təmsilçiləri verib”.

Bu sözləri ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov deyir. Məktubu ReAL İH-nin üzvü, hüquqşünas Xalid Bağırov “Facebook”da yayıb.

ReAL sədri bildirib ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib:

“Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxarılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan, ilk növbədə, ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər”.

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb, dərhal azad edilməlidir.

AİHM-nin bu qərarı icra edilməyib

Avropa Şurası Nazirlər Komitəsinin 2017-ci il 19-21 sentyabr tarixli iclasında İlqar Məmmədovun işi ilə bağlı müvəqqəti qətnamə hazırlanması barədə qərar qəbul edilib. Sənəddə Azərbaycanın nəzərinə çatdırılır ki, oktyabrın 25-dək AİHM qərarı yerinə yetirilməyəcəyi təqdirdə ölkəyə qarşı İnsan haqları konvensiyasının 46-cı maddəsi (Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi) tətbiq oluna bilər.  Qətnamə oktyabrın 25-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərİlqar Məmmədov: Azərbaycan Avropa Şurasından çıxsa…