”İlqar Məmmədov azadlığa çıxmaq üçün məhkəməyə müraciət etməyəcək”

”O dərhal və qeyri-şərtsiz azad edilməlidir”

Source:


”O dərhal və qeyri-şərtsiz azad edilməlidir”

Vəkil Fuad Ağayev dekabrın 11-də 2 saylı Cəzaçəkmə Müəssisəsində ReAL hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

Bu barədə vəkil “Facebook” səhifəsində yazıb.

Vəkil İlqar Məmmədovla prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi

təklifləri

, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə etdiklərini qeyd edib:

“İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Çünki Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb, buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir”.

İqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı vəkil bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə, o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb. Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə AİHM-ə müraciət edəcək.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər. Noyabrın 29-da Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) qərarına cavab verib.

Cavabda bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Dekabrın 5-də bununla bağlı AİHM-ə müraciət olunub. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Ana səhifəXəbərlər”İlqar Məmmədov azadlığa çıxmaq üçün məhkəməyə müraciət etməyəcək”