İlon Mask “Azadlıq” və “Amerikanın səsi”ni bağlamaq istəyir

Foto: Frederic Legrand\shutterstock

Trampın xüsusi nümayəndəsi Riçard Qrenel bu media resurslarınının “keçmişin qalıqları” kimi artıq faydasız olduğunu deyib

ABŞ-nin Dövlət Effektivliyi Departamentinin rəhbəri İlon Mask “AzadlıqRadiosu” (“Radio Free Europe/Radio Liberty”) və “Amerikanın Səsi” (“Voice of America”) kimi dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının bağlanması ilə bağlı təklifi dəstəkləyib.

Təklifi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, keçmiş Milli Kəşfiyyat İdarəsinin direktoru Riçard Qrenel səsləndirib.

Qrenel bu media resurslarını “dövlət mediası” adlandıraraq, onların “ifrat solçu aktivistlərlə dolu olduğunu” və “keçmişin qalıqları” kimi artıq faydasız olduğunu bildirib.

Onun sözlərinə görə, hər il bu qurumlara ABŞ vergi ödəyicilərinin milyonlarla dolları xərclənir.

İlon Mask isə “X” hesabında bu çağırışa “Hə, bağlayın” cavabını verib:

“Avropa artıq azaddır. Heç kim artıq bu media qurumlarını dinləmir. Onlar sadəcə ifrat solçuların öz aralarında danışdığı və hər il Amerika vergi ödəyicilərinin 1 milyard dollarını yandırdığı qurumlardır”.


Donald Tramp ABŞ Prezidenti kimi fəaliyyətə başlayan kimi milyarder İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri təyin edib. Bu strukturun il yarım ərzində Amerika hökumətinin səmərəliliyini artıracağı gözlənilir.

Departament fəaliyyətinin ilk günlərində hökumət ödəniş sistemlərinə çıxış əldə edib. Həmçinin USAID-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) yenidən təşkil edilməsi istiqamətində addımlar atıb. Mask bu agentliyi “cinayətkar təşkilat” adlandıraraq, onun bərpaolunmaz olduğunu və tamamilə bağlanacağını bildirib.

“Amerikanın Səsi” 1942-ci ildən fəaliyyət göstərir. Hazırda 43 dildə internetdə, televiziyada və radioda verilişlər yaymlayır. “Amerikanın Səsi”nin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın Səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayır.

“Azadlıq Radiosu” 1949-cu ildə yaradılıb. Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub. Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib.

“Azadlıq Radiosu” 23 ölkədə, 27 müxtəlif dildə çıxır. Radio Azərbaycanda sayı az olan müstəqil xəbər saytlarından hesab edilir.

2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub.

Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilərək dindirilib.
Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.

“Azadlıq Radiosu”nun həm ingilis, həm azərbaycanca saytı Azərbaycanda blokdadır.
2024-cü il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibəsində demişdi ki, Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz.

“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq” radiosu kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev bildirmişdi.

Ana səhifəDünyaİlon Mask “Azadlıq” və “Amerikanın səsi”ni bağlamaq istəyir