İllik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlarda səyyar yoxlamalar dayandırılır

Fazil Məmmədov: İş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli

Source:


Fazil Məmmədov: İş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli

Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında adıçəkilən nazirliyin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl edilib.

“Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil etmişdir ki, bu da proqnozun 100,8% icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir”, – deyə F. Məmmədov qeyd edib.

F. Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

F. Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.

F. Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.

F. Məmmədov bildirib ki, vergi orqanları üçün gələn ilin büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı, gücləndirilmiş iş rejimində çalışmalıdır.

Ana səhifəXəbərlərİllik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlarda səyyar yoxlamalar dayandırılır