İlkin Süleymanov: “Videoda da görünür, işgəncədən ayaqlarım şişmişdi, ona görə tərlik geyindirib apardılar”

İlkin Süleymanov. Foto: Meydan TV

“Şahlar Cəfərov təkcə fiziki işgəncə vermirdi, həm də təhqir edirdi, su butılkasını arada başıma vururdu”

Tovuz rayonunun Dondar Quşçu kəndində üç il əvvəl 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yanmış meyitin tapılması məsələsiylə bağlı il yarımdır ki, məhkəmə araşdırmaları davam edir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən məhkəmə iclasında işin içində olan videogörüntülərə baxılmışdı. Onlardan biri meyitin yanmasıyla bağlı açıq qalmış suallara aydınlıq gətirmək məqsədilə qoyunu yandırmaqla keçirilmiş eksperimentin videosu idi. Həmin videodan görünürdü ki, 5 dəqiqə yandırılan qoyunun torpaqda qalan hissəsi yanmır, yalnız üst hissə yanır. Amma ekspert rəyinə görə daha az müddətdə yanmış meyitin isə həm həm ön, həm də arxa tərəfi eyni həddə – kömürləşmiş dərəcədə yanıb.

İkinci video isə İlkin Süleymanovdan Nərmini oğurlayıb öldürməsi haqda etiraf ifadəsi alınandan sonra onun evlərinə aparılıb, hadisə yerində lentə alınmış görüntüləri idi. Noyabrın 23-də keçirilən məhkəmədə İlkin Süleymanov həmin görüntülərlə bağlı həm prokurorun, həm də öz vəkillərinin suallarını cavablandırıb.

O bidirib ki, cinayət işinin materiallarında onun tutulduğu ilk günlərdə 4 ifadəsi var – iki dəfə şahid, bir dəfə şübhəli şəxs, bir dəfə də təqsirləndirilən şəxs qismində. Birinci şahid ifadəsində ümumiyyətlə, bu cinayətə heç bir aidiyyəti olmadığını bildirib. Bir gün sonra ikinci şahid ifadəsində uşağı özü oğurlayıb öldürdüyünü deyir. Daha sonra şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində də eyni məzmunlu etiraf ifadəsi verir.

Lakin İlkin Süleymanov bildirib ki, yanmış meyit xəbərilə bağlı hadisə yerinə gələn polislər heç nəyi araşdırıb aydınlaşdırmadan onu dərhal – 6 yanvar 2020-ci ildə Tovuz rayon Polis Şöbəsinə aparıblar. İki gün təzyiq altında saxlayandan sonra, yanvarın 8-də müstəntiq onu dindirib. Şahid kimi verdiyi həmin ifadədə o, siqaret çəkməyə çıxarkən yolun o biri tərəfində yanğın gördüyünü, əvvəlki vaxtlarda olduğu kimi, bu dəfə də yanğının ağaclara zərər verəcəyini düşünərək, ora tərəf getdiyini və meyit gördüyünü bildirib. O vurğulayıb ki, uşağın oğurlanmasına da, öldürülməsinə də aidiyyəti yoxdur.

İlkin Süleymanovun sözlərinə görə, bu ifadəsindən sonra yanvarın 9-da, xüsusən də 10-na keçən gecə polis şöbəsində ağlasığmaz işgəncələrə məruz qalıb. Bu üzdən yanvarın 10-da səhər saatlarında artıq işgəncələrə dözə bilmədiyini görüb, polis idarəsindəkilərə istənilən ifadəni verməyə razılaşdığını bildirib:

“Bir də onda ifadə vermişəm. Mənim başqa ifadəm olmayıb. Düzdür, sənədlər gətiriblər, imzalamışam. Elə vəziyyətdə idim ki, heç nəyə imza atdığımı da bilmirdim. İstədiyim bu idi ki, nə olursa olsun, təki bu əzab bitsin…”.

İlkin Süleymanov ona işgəncə verənlər arasında o dövrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışan Şahlar Cəfərovun adını çəkib. Bildirib ki, işgəncələrə o rəhbərlik edirdi. Onun sözlərinə görə, işgəncə altında etiraf ifadəsi alınandan sonra da ondan əl çəkməyiblər:

“Şahlar Cəfərov mənə dedi ki, ora 50 nəfər əliavtomatlı gətirərəm, heç kimin də xəbəri olmaz. Bu, o demək idi ki, bundan sonra da deyilənlərə əməl etməlisən. Ona görə əvvəlcədən deyildiyi kimi, kamera qarşısında da elə danışdım. Şahlar Cəfərov təkcə fiziki işgəncə vermirdi, həm də təhqir edirdi, su butılkasını arada başıma vururdu”.

İlkin Süleymanov bildirib ki, videodan da görünür, hadisə yerinə aparılanda ayağında normal ayaqqabı yox, tərlik vardı. Səbəb isə o idi ki, işgəncədən – dəyənəklə ayaqlarına dəyən zərbələrdən gəzə bilmirdi, ayaqları şişmişdi. Bu səbəbdən onu hadisə yerinə tərliklə aparmağa məcbur olublar.

Prokuror İlkin Süleymanova deyib ki, videogörüntüdə ağrıdan əziyyət çəkməsi hiss olunmur. Buna cavab olaraq, İlkin Süleymanov bildirib ki, kamera qarşısında sanki rol oynayırdı. Onun sözlərinə görə, çalışırdı ki, danışığı inandırıcı olsun, sonradan ona problem yaradıb, yenidən işgəncə verməsinlər.

İlkin Süleymanov bəzi suallara “xatırlamıram”, “bilmirəm” cavabları verəndə hakim Dadaş İmanov ondan hər məqamı dəqiqliyilə xatırlamasını istəyib. Hakim onu əmin edib ki, barəsindəki hökm obyektiv olacaq. Ona görə də bütün məsələləri olduğu kimi danışmasını istəyib:

“Sən hər şeyi dəqiqliklə danışmalısan ki, biz də araşdırıb obyektiv hökm çıxara bilək”.

Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, məhkəmədə videogörüntülər nümayiş etdiriləndə müstəntiqin təqsirləndirilən şəxsə istiqamət verdiyi, pıçıltı ilə ona deyəcəyi sözləri xatırlatdığı aydın eşidilirdi. Onun sözlərinə görə, bunları hakimlər də eşitdi.

“Bu faktın özü göstərir ki, İlkin Süleymanov orada öz iradəsi ilə danışmır. Mən bilmirəm, o videonu ictimaiyyətə nümayiş etdirmək olar, yoxsa yox. Kaş qanun buna imkan verəydi, o zaman ictimaiyyət o saxtakarlığı görəydi. Bu işdə o qədər açıq qalan suallar var ki… Necə olur, meyitin əlləri, ayaqları, cinsi orqan nahiyələri kömürləşmiş həddə yanır, amma üstündə olan sintetik gödəkçə yanmır? Bu qədər saxtakarlıq olar?”, – Adil Süleymanov bildirib.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgəİlkin Süleymanov: “Videoda da görünür, işgəncədən ayaqlarım şişmişdi, ona görə tərlik geyindirib apardılar”