Gənc fəalın həbs müddəti 6 ay uzadıla bilər
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci (
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi)
maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə gənc fəalın vəkili Fariz Namazlı Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, İ.Rüstəmzadə Bakı İstintaq Təcridxanasında saxlanılan zaman qaldığı kamerada aparılan yoxlama zamanı kəsici əşyanın tapılması faktına görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət işi açılıb. “İlkin Rüstəmzadə hələ ki, şahid qismində dindirilir. Amma o, hesab edir ki, bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediləcək və Bakı İstintaq Təcridxanasına köçürüləcək. Orada isə onu fiziki, mənəvi işgəncələrin gözlədiyini ehtimal edir”.
İlkin Rüstəmzadə 13 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşayır. O, kamerasında axtarış aparılmasını “İşçi qrupuna Kürdəxanıdan sevgilərlə” başlıqlı köşə yazısı ilə əlaqəndirib. İ.Rüstəmzadə köşəsində siyasi məhbuslar üzərindən “alver “edənləri tənqid etmişdi. Gənc fəala açılan cinayət işi ilə bağlı onun həbs müddəti 6 ay uzadıla bilər.
İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin xuliqanlıq, cinayətə hazırlıq, kütləvi iğtişaş maddələri ilə ittiham olunub və 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, “Harlem Shake” videorolikini hazırlamaqda və onu Youtube-a yerləşdirməkdə ittiham olunur. İstintaq bu hərəkəti xuliqanlıq kimi qiymətləndirib.