“Azyaşlıların üzərində zorakılıq əlamətləri aşkarlanıb”
Yanvarın 29-da saat 18 radələrində Bakının Nizami rayonu, Rüstəmov küçəsi 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzildə 57 yaşlı Nina Allahverdiyevanın, nəvələri 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun cəsədləri aşkarlanıb. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir ki, azyaşlıların üzərində zorakılıq əlamətləri olub, nənə isə asılmış vəziyyətdə tapılıb. Prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Məlumatda deyilir ki, hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
“İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilir.
Meydan TV mərhumların yaxınları ilə əlaqə saxlaya bilməyib.