Fevralın 17-dən başlayan dollar təşvişi davam edir. Valyutadəyişmə məntəqələrində dolların olmaması müxtəlif ehtimalları gündəmə gətirdi. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlaması belə narahatlığı səngitmədi. Meydan TV baş verənləri iqtisadçı Samir Əliyevlə müzakirə etdi.
–
Samir b
əy, yaranan dollar təşvişinin səbəbini necə izah edərdiniz?
–
Əslində, fevralıın 17-də olanlar son aylar, xüsusən də ötən ilin dekabrından başlayan gizli təşvişin üzə çıxması idi. Dekabrda manatın devolvasiyası gündəmə gəldi və insanlarda bunun nə zaman olacağı barədə qeyri-müəyyənlik vardı. Bəzi insanlar əllərində olan milli valyutanı dollara çevirirdi, başqaları əmanətlərini geri çəkirdi, yaxud manatla olan əmanətini dollara çevirirdi. Təsadüfi deyil ki, dekabrda manatla olan əmanətlərin payı 63 faizdən 61 faizə qədər azalmışdı. Çox güman ki, bu azalma növbəti aylarda da baş verəcək. Yəni bu gizli narahatlıq Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun “Financial Times” qəzetinə verdiyi müsahibədən sonra daha qabarıq özünü büruzə verdi. Xüsusilə cənab Rüstəmovun manatın tədricən ucuzlaşacağı barədə dedikləri idi. Bu fikir insanları kütləvi şəkildə bazara yönəltdi və panika yarandı. Son 3 gündə valyutadəyişmə məntəqələrində dollara güclü tələbat yaranıb. Hətta fevralın 17-də bir sıra məntəqələr dollar satışını dayandırdı. Həm də müəyyən məlumatlarda “qara bazar”ın yaranması təşəbbüslərinin olduğu bildirilirdi. İstənilən halda bunlar arzuolunmazdır.
– O cümlədən, bank filialları dollar satmırdı?
–
Bəli. Çünki Mərkəzi Bankən göstərişi var ki, rəsmi məzənnədən müəyyən bir həddə qədər baha, yaxud ucuz sata bilərlər. Bu, 2-3 faiz təşkil edir. Amma banklar həmin qaydanı pozaraq dolları daha baha satırdılar. Hətta dolların 80 qəpik satılması haqda məlumatlar da var idi.
– İnformasiyalara görə, mövcud durum postsovet məkanında yaşanır, bu barədə nə deyə bilərsiniz?
–
Bilirsiniz ki, ötən ilin ortalarından dünyada neftin qiyməti ucuzlaşlaşmağa başladı. Eyni zamanda, ABŞ iqtisadiyyatında müşahidə olunan müsbət tendensiya dolların bahalaşmasını şərtləndirdi. Ötən ilə diqqət yetirsək, dünyanın dollar əsasında müəyyən olunan bütün valyutaları ucuzlaşdı. Hətta bu, Neft Fondunun ehtiyatlarına da öz təsirini göstərdi, biz məzənnə fərqinə görə zərərin 1,6 milyarda qədər artdığını müşahidə etdik. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatında da bu azalma müşahidə olundu. Yəni bunlar neft istehsal edən ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verdi. Tutaq ki, Rusiyada rublun ucuzlaşmasına sanksiyalar mənfi təsir göstərdisə, Qazaxıstan ötən il, Türkmənistan yeni il başlayan gün 22-23 faiz, Moldova 30 faizə qədər öz valyutasını ucuzlaşdırıb. Türkiyə, Ermənistan, İran, Gürcüstan milli valyutaları da oxşar situasiyaları yaşadı. Yaxud Avropa Mərkəzi Bankı yeni proqram işə salır, hər ay 60 milyard avro dövriyyəyə buraxılacaq ki, bu, yaxın ilyarımda avronun ucuzlaşdırılmasını şərtləndirəcək. Bütün bunların fonunda manat yeganə valyuta idi ki, sabit qalmışdı. Oxşar ssenari 2008-ci ildə oldu, qlobal böhran baş verəndə qonşu ölkələrin valyutası ucuzlaşdı, amma Azərbaycan manatı sabit qaldı. Düzdür, həmin vaxt neft az qala 30 dollara qədər ucuzlaşdı, amma bu ucuzlaşma çox qısamüddətli olduğundan Azərbaycan hökumətinin riskini doğrultdu. Bu gün isə fərqli situasiyadır, yəni böhrandan yaranan ucuzlaşma deyil, daha fundamental səbəblər var. ABŞ-ın slans nefti bazarı tutmaq üzrədir, OPEC hətta öz kvotasını azaltmağa risk etmədi. Çünki qorxdular ki, kvotasını azaltsalar, Amerika onun yerini tutacaq. O cümldən, Çin, hansı ki, ABŞ-dan sonra ən böyük neft istehlak edən ölkədir. Bu ölkədə iqtisadi zəifləmə neftə olan tələbatını azaldıb. Sadaladıqlarımın fonunda neftin uzun müddət qalacağı gözlənilir. Bu isə milli valyutamızın təzyiq altında olacağını təsdiqləyir.
– Neftin qiymətinin ucuz qalacağı ilə bağlı fikrinizi konkretləşdirə bilərsinizmi?
–
Suala cavab vermək üçün büdcəmizin nefti hansı qiymətdə götürülməsinə baxmaq lazımdır. Bu il 90 dollardır, eyni zamanda, ötən ilin büdcəsi ilə müqayisədə büdcəmiz 5 faizdən çox artırılıb. Bu baxımdan 90 dollarlıq büdcəni icra etmək çox çətin olacaq. Düzdür, Neft Fondundan transfer hesabına kömək olacaq, amma bu gün ən böyük problem büdcədən də öncə Neft Fondunda yaranacaq. Çünki 90 dollardan proqnozlaşdırılıb və ilk dəfə olaraq, fond kəsirlə təsdiqlənib, 1,6 milyard. İndiki zamanda neftin qiyməti az qala 60 dollardır, belə olanda fondda 3-5 milyardarası kəsir ola bilər. Onda fond öz aktivlərinə müraciət etməsi ilə nəticələnər.
– Siz Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sonrakı açıqlamasını necə şərh edərdiniz?
–
Hər bir halda məsul şəxsin, əsasən də manatın kursuna bilavastiə cavabdeh qurumun rəhbərinin cəmiyyətə açıqlama verməsi müsbətdir. Amma açıqlamanın gec olması təəssüfləndiricidir. Müəyyən bir koordinasiyanın olmaması nəticəsində, yəni hökumət daxilində bir-birinə zidd olan fikirlərin səsləndirilməsi bir tərəfdən sabitliyin olması, yaxud manatı devolvasiyaya uğramaması kimi fikirlər ictimaiyyətdə çaşqınlıq yaratdı. Tutaq ki, Mərkəzi Bank ilin əvvəlində hər il olduğu kimi pul-kredit siyasəti ilə bağlı açıqlama yayır. Bu il yayılan bəyanatda manatın sabit qalacağı bildirildi. Amma 1 aydan çox keçib, artıq başqa prosesləri müşahidə edirik. Bu isə Mərkəzi Banka inamın azalmasına gətirib çıxardır. Əgər Mərkəzi Bank bəyanatında qeyd etsəydi ki, bu il manatın dollara münasibətdə məzənnəsinin 5, yaxud 10 faiz ucuzlaşması nəzərdə tutulur, o zaman başqa mənzərə ilə rastlaşardıq. Bununla ajiotajı minimuma endirmək olardı. Təşvişin kökündə məlumatsızlıq və informasiyanın düzgün çatdırılmaması da rol oynayıb. Düzdür, təşvişin yaranmasına “Financial Times” qəzetindəki məqalə səbəb oldu.
– Elman Rüstəmov sonuncu açıqlamasında deyib ki, çevik məzənnə siyasəti ilə idxalı bahalaşdırırıq. Siz də Facebook səhifənizdə yazmısınız ki, lütfən, belə həssas dövrdə bu fikrin nədən ibarət olduğunu soruşmayın. Bəlkə bu barədə danışasınız?
–
Elman Rüstəmovun çıxışı insanları sakitləşdirmək məqsədi üzərində qurulmuşdu. Hətta o, heç bir devolvasiyanın olmayacağını dedi. Çevik məzənnə siyasətinə keçidin idxalı bahalaşdıra biləcəyi fikrinə gəlincə, bunun bircə adı var: devolvasiya! Elman Rüstəmov artıq devolvasiya prosesinin başladığını deyib. Təsadüfü deyil ki, baş bankirin sonuncu çıxışından sonra manatın ucuzlaşmasını müşahidə etdik. Hər bir halda Mərkəzi Bank devolvasiyaya getməli idi, bu, gözlənilən idi. Çünki neft gəlirlərinin azalması fonunda qeyri-neft sektorunun inkişafı çox vacibdir. Təəssüf ki, bu fikir həmişə deklorativ xarakter daşıyıb və bir nəticə olmayıb. İndi ekstremal şəraitdəyik. Əgər manat bütün valyutalardan bahadırsa, qeyri-neft sektorunu necə inkişaf etdirə bilərik?
– Elman Rüstəmov da qeyri-neft sektoruna diqqətin artacağını demişdi…
–
Bəli, onun əvvəlki açıqlamalarında bu barədə fikirlər yer alıb. Hətta yeni manatın dövriyyəyə buraxılması da gizlədilməmişdi. Diqqət yetirsək, ixracımızda 7-8 faiz qeyri-neftdir, bunu da araşdırsaq, Rusiyaya meyvə-tərəvəz verdiyimiz məlum olar. Rublun indiki vəziyyətində şimal ölkəyə heç nə ixrac edə bilməyəcəyik. Çünki rəqabətə davam gətirə bilməyəcəyik. Ona görə Mərkəzi Bankın qarşısında 2 yol vardı: ya başqa ölkələrdə olduğu kimi manatı kəskin ucuzlaşdırmaq, ya da tədricən ucuzlaşdırmaq. İndi tədricən ucuzlaşdırma yolu seçilib. Son proseslər göstərdi ki, Mərkəzi Bank kəskin devolvasiyaya getməyə tərəddüd edir. Halbuki, neftin qiymətinin 50 dollardan aşağı olduğu şəraitdə bu gözlənilirdi.
– Bütün hallarda təşvişə düşən vətəndaşlara nə demək istərdiniz?
–
Təbii hissdir, dünyanın bir çox ölkələrində bu cür hallar olur. Bu vəziyyətin kökündə məlumatların koordinasiya olunmamış şəkildə cəmiyyətə ötürülməsi durur. Mən indiki vəziyyətdə insanların banklara axınına əsas görmürəm. İnsanların əllərində olan 200-300 manatı dollara çevirməyə ehtiyac yoxdur, bir neçə aydan sonra həmin vəsaiti yenidən xərcləməli olacaqlar. Və bu dəyişiklikdə itkiyə məruz qalacaqlar. Yaxud bankdakı manat əmanəti yarımçıq çıxardanda da itkiyə məruz qalırlar. Bunları hesablayanda təşvişə düşüb pul dəyişməyə ehtiyac yoxdur. Fövqəladə hal baş verməsə, yəni neft daha aşağı qiymətə düşməsə, başqa hadisələr olmasa, manat ən yaxşı halda 1, ya da 1,5 faiz ucuzlaşacaq. Bizim proqnoz ondan ibarətdir ki, ilin sonuna qədər manat 10-15 faiz ucuzlaşa bilər.
– İnflyasiya nə qədər ola bilər və ərzaq məhsullarında bahalaşma olacaqmı?
–
Təbii ki, manatın ucuzlaşması avtomatik inflyasiya şəraiti yaradır. Həm də idxal inflyasiya yaradır, xaricdən gələn malların da balaşmasını şərtləndirir. Elman Rüstəmov 5-7 faiz inflyasiya olacağını dedi. İstənilən halda 2014-cü ildəki kimi 1,4 faiz inflyasiya olmayacaq. Əgər biz sahibkarlığı, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, inflyasiya olmalı və əhalinin gəlirləri buna uyğun olaraq indeksləşdirilməlidir. Hər bir halda manat ucuzlaşmaqda davam edəcək, ancaq bu proses tədricən aparılacaq ki, bazarda qısamüddətli qiymət artımı olmasın. Yəni bir müddətdən sonra öz təsirini göstərəcək.
– Nəhayət, yekuna gələk, bankların siyasətə qarışmasına necə baxırsız? Çoxlu sayda ictimai fəalın kredit kartları ləğv edilib, xəbərdarlıq olmadan hesabları qapanıb, halbuki müqavilələri var. Bu amillər banklara inamı azaltmırmı?
–
Əslində, hüquqi dövlətdən danışırıqsa, mülkiyyət, müştəri hüquqlarının qorunması vacib məsələlərdisə, dedikləriniz arzuolunan deyil. Bir müddət əvvəl QHT-lərlə bağlı da eyni problemlər yarandı. Banklar QHT sektoruna qarşı diskriminasiya həyata keçirdi və xidmət haqlarını qaldırdı. Ən böyük şirkətə olan xidmət haqqı ilə QHT-yə olan xidmət haqqını müqayisə edəndə, görürük ki, 50-100 dəfə fərq var. Məqsəd QHT-lərdən qurtulmaq idi. Amma mən yalnız bankları da günahlandırmazdım. Çünki banklar da fakt qarşısında qaldı, yoxlamalarla üzləşdi. Ona görə “başağrısı”ndan qurtulmaq üçün bu addımı atdılar. O cümlədən, ayrı-ayrı şəxslərlə bağlı məlumatların yayılması, bu, arzuolunan deyil. Bank sektoru iqtisadiyyatın qan-damar sistemidir, bu sektorun çökməsi iqtisadiyyatın çökməsi deməkdir. Bank sektoruna inamın azalması ölkə iqtisadiyyatı üçün gələcəkdə arzuolunmaz hallarla nəticələnər.