İlham Şaban: Neftin qiymətinə ümid bağlamaq olmaz

“17,8 milyardlıq büdcə gələn ili daha aşağı parametrlərlə başa vura bilər”

Source:


“17,8 milyardlıq büdcə gələn ili daha aşağı parametrlərlə başa vura bilər”

2015-ci ilin yanvarında prezident İlham Əliyev keçirdiyi müşavirədə neftin qiymətinin enməsi nəticəsində iqtisadiyyatımızın yeni bir mərhələyə qədəm qoyduğuna işarə vurdu. Hətta prezidentin Siyəzən rayonunda yeni turizm obyektinin açılışı zamanı “nefti unudun, iqtisadiyyatımız qeyri-neft sektorundan asılıdır” bəyanatı bu gün də müzakirə mövzusudur.

Bu baxımdan neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatı üçün müsbət və mənfi tərəflərini neft sahəsi üzrə mütəxəssis İlham Şabanla müzakirə etdik.

Neftin qiymətinin enməsinin müsbət təsirinə toxunan İlham Şaban hökumətin 2015-ci ilin yanvarında iki iclası birdən keçirməsini yaxşı addım hesab edir: “Bu, artıq hökumətin həyacan təbili çalmasından xəbər verirdi. Həmin iclaslarda cəmiyyətə mesajlar göndərilirdi ki, bu il əvvəlki illərə bənzəməyəcək. Artıq yuxarıdan siqnallar verilirdi ki, neftin qiymətinə ümid bağlamaq olmaz. Gələn ilin büdcəsi hökumət tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilərkən göründü ki, büdcə xərcləri 21,1 milyard manatla proqnozlaşdırılmağına baxmayaraq, cari il üçün 17,8 milyard manat həcmində  reallaşmalıdır. Ancaq 17,8 milyardlıq büdcə gələn ili daha aşağı parametrlərlə başa vura bilər. Fakt ondan ibarətdir ki, 2000-ci ildən başlayaraq, son 15 ildə ilk dəfə ictimaiyyətin bütün təbəqələri neftin qiymətinin enməsini hiss etdi. Nəticə ondan ibarətdir ki, əvvəllər hansısa şəkildə “nə olur kasıba olur” deyirdilərsə, bu il neftin qiymətinin enməsi yalnız kasıba ziyan olmadı”.

Mütəxəssisin sözlərinə görə, neft vəsaitlərinin azalması müəyyən qruplara və məmurlar təbəqəsinə kifayət qədər təsir edib: “Elə komitə və şirkətlər vardı ki, idarə rəisinin müavinləri də avtomobillərə malik idi. Hansı ki, onlar ilin əvvəlindən büdcədən gələn xoş həyatdan məhrum olublar. Beləliklə, qiymətin enməsinin müsbət tərəfi odur ki, insanları ayıldı. İkinci amil, dövlət başçısı hökumətin iclaslarında bir neçə dəfə büdcə vəsaitlərinin rasional xərclənməsinə toxundu. Rasional xərclənməni reallıqda ikinci rübdə gördük, bu, Mərkəzi Bankın aprelin sonunda kreditlərlə bağlı məsələsi idi. Əvvəllər bu cür addımlar atılsa da, geniş ictimaiyyət üçün açıqlanmardı. Amma bu dəfə məsələ cəmiyyət deyildi və bunun sonrakı mərhələləri daha böyük sferaları əhatə etdi. Xüsusən olaylara KİV-in cəlb olunması maraq doğurdu. Hökumət KİV vasitəsilə cəmiyyətə büdcə vəsaitlərindən sui-istifadə edənlərin necə cəzalandırıldığı barədə mesajlar göndərirdi. Bu proses hələ dayanmayıb, davam edir və neftdən məst olmuş Azərbaycanda bunlara çoxdan rast gəlmədiyimizdən yeni mərhələnin başlandığını düşünmək olar.

İlham Şaban bildirdi ki, hökumətin prezidentə verdiyi hesabatlarda əsası plan və tapşırıqların 100 faiz yerinə yetirilməsi vurğulanır. Ancaq prosesin necə getməsi sualı açıq qalır. Baxın, neftin qiyməti iki dəfə aşağı düşür, neft sektorunun vergiləri ona adekvat azalır. Gələk, qeyri-neft sektoruna, gömrükdə avtomobil idxalı 60 faiz azalıb, ən böyük ticarət mərkəzləri Sədərək və Binədə, bunların yalnız birində iyun-iyul aylarında 600 dükan bağlanıb”.

İlham Şaban hesab edir ki, bunlar ticarətin dövriyyəsinin azalmasıyla bağlıdır və bundan əvvəl devalvasiya amili də təsir etmişdi: “Yəni Mərkəzi Bankın fevral ayındakı devalvasiya qərarı martda bütün ticarətə ziyan vurdu.  Üçüncü vacib məqam, artıq Gömrük Komitəsinin online ticarətə müdaxilə etdiyi məlumdur. Sadaladıqlarım azad ticarətin daralmasına gətirən amildir. Əgər ticarət dövriyyəsi daralırsa, gömrük və Vergilər Nazirliyi 100 faizi necə və nəyin hesabına ödəyirlər? Sual yaranır; Azərbaycanda niyə iri vergi ödəyən şirkətlərin adı açıqlanmır? Sanki hər şeyi qapalı şəraitdə həyata keçirmək istəyirlər. Halbuki, Avropada 500, Rusiyada 200 iri  şirkətin adı açıqlanır”.

“Neftin qiymətinin yaxın gələcəkdə 100 dollar olmayacağını hamı bilir. Hətta “2018-ci ildə qiymət 70 dollar olsa, çox böyük nemət olacaq” deyənlər də var. Yəni 3 ildən sonra neftin qiyməti 20 dollar artsa, bu, böyük nemət olacaq. Azərbaycanın 1 ildə hasil etdiyi neftin həcmi 500 min ton, təqribən 4 milyon barel azalır. Bu, o deməkdir ki, neftin qiyməti hər il 3-4 dollar artsa belə, azalan həcm büdcəyə gələn qiyməti sabit olaraq 60 dollar səviyyəsində saxlayır. Yəni 2014-cü ildə ixrac edilən 100 dollarlıq neftin hər il 40 faiz azalması deməkdir. Belə olan şəraitdə hökumətin qarşısında əsas vəzifə neftdən əlavə sektorlardan qarşıdakı orta perspektivdə gəlirlərin götürülməsidir. Bu, necə ola bilər? 1994-cü ildə Azəri-Çıraq-Günəşli üzrə hasilatın pay bölgüsü müqaviləsi imzaladıq, bir il sonra realizə mərhələsi başladı. Bundan sonra gömrükdə idxalı, ixracı sıfır etdik və nəticəni 5 il sonra gördük. İndi də qeyri-neft sektoru elə qurulmalıdır ki, 5 il sonra öz mənfəətlərini versinlər. Yəni icra hakimi, prokurorluq qeyri-neft sektoruna mane olmamalıdır. Amma bizdə ixraca gedən kənd təsərrüfatı məhsullarından da rüsum alırlar”,-deyə Şaban bildirib.

Mütəxəssis başqa bir məsələyə də toxundu: “Ali məktəblərin neft sektoruna daxil olan tələbələrin orta keçid balı 450-dir, ali neft məktəbində 640 baldır. Kənd təsərrüfatında orta keçid balı heç vaxt 200-ə çatmayıb. Əgər bu məsələni prezidentin yanında müzakirə edib və 10 milyon vəsait ayırıb xaricdən mütəxəssislər gətirib və Gəncədə kolleclər yaratsaydılar, 10 il sonra nəticəsini görərdilər. Adını “fermer” qoyub, cəmi 3-4 min pul qazanmaqla kənd təsərrüfatını inkişaf etdirmək olmaz. Baxın Rusiya fermerlərinə, onlar Qərbi Avropada keçirilən kənd təsərrüfatı ilə bağlı elmi konfranslara qatılırlar. Orda fermer təsərrüfatda işləmir, menecment və rəhbər olsa da, başqasını qul kimi işlətmir. Azərbaycanda bu anlayış varmı? Əksinə, yerli telekanallarda fermerlər Kənd Təsərrüfatı Nazirliyindən xahiş edir ki, onlara bazara çıxmaq üçün imkanlar yaradılsın. Rusiya fermeri isə internetlə wi-fi quraşdırılmış trellerinin harda olduğunu izləyir. Mən Azərbaycanda belə bir sistemin 2050-ci ildə yaranıb-yaranmayacağını bilmirəm. Ona görə qeyri-neft sektorunda 10 faiz artımın olması barədə fikirlər məni şübhələndirir. Məsələ ondadır ki, bu gün ölkəyə real pulu neft gətirir, təkcə bu il  8,5 milyard dollar gəlir olub. Bəs qeyri-neft sektoru 1 milyard gətirə biləcəkmi? Ötən il neft sektoru 16,2 milyard mənfəət gətirib. Qeyri-neft sektorunun ixracı 1,6 milyard olub. Amma heç yerdə 1,6 milyardın ölkəyə mənfəətinin nə qədər olması barədə heç nə yazılmır. Ona görə tərəziyə qoyanda nefti kapital baxımından əvəzləyən hələ xüsusi çəkidə heç nə yoxdur”.

Ana səhifəXəbərlərİlham Şaban: Neftin qiymətinə ümid bağlamaq olmaz