”Azərbaycanın mənfəət neftinin gəlirləri 2014-də $16.3 mlrd, 2015-də $7.2 mlrd olmuşdusa, bu il bu göstərici $5 mlrd-dan da az olacaq”
Bu sualla öz “Facebook” səhifəsində neft sahəsi üzrə mütəxəssis İlham Şaban şıxış edib.
O, bildirib ki, 10 ayın yekunlarına görə BTC FOB Ceyhan markalı neftin orta qiyməti $43.08 təşkil edib. İlin sonuna neftimizin qiyməti $45.3-ə qədər yüksələ bilər. Ancaq bu o deməkdir ki, ötən illə müqayisədə neft qiymətləri hər bareldə düz $9 və ya 16.6 faiz azalmış olar. Bundan əlavə cari ildə 10 ayın yekunlarına görə ölkənin hasilatında 0.8 faizlik bir enmə müşahidə olunub. İlin sonunda bu göstərici 0,9 faizdən artıq olacaq. Nəticədə ötən ilin əmtəəlik neft hasilatı ilə müqayisədə 2016-cı ildə təqribən 400 min ton və ya 3 mln barelə yaxın azalma gözlənilir.
İ.Şaban hesab edir ki, yaranmış durum Neft Fonduna neft və qaz satışından gələn gəlirlərə xüsusilə öz təsirlərini göstərəcək. Əgər 2015-ci ildə neft və qaz satışından Fonda gələn gəlirlərin həcmi $7.229 mlrd olmuşdusa, cari ildə bu göstərici $4.7-4.8 mlrd ətrafında gözlənə bilər. Əgər ötən il Neft Fondu “Şahdəniz” layihəsi çərçivəsində $322.8 mln gəlir əldə etmişdisə, bu il qazın mənfəəti $64 mln-luq bir hədlə məhdudlaşacaq ki, bunun da bir səbəbi ” Şahdəniz-2″ layihəsi üzrə əsaslı kapitalın qaytarılmasına mənfəətimizin bir hissəsinin yönəldilməsi təşkil edirdisə, ikinci bir tərəfdən, “Şahdəniz-1” layihəsi üzrə daxili bazara alınan qazın ödənməsinə çəkilən xərclərlə bağlıdır.
“Beləliklə, Azərbaycanın mənfəət neftinin gəlirləri 2014-də $16.3 mlrd, 2015-də $7.2 mlrd olmuşdusa, bu il bu göstərici $5 mlrd-dan da az olacaq. Ona görə də hökumət gələn ilin büdcəsini dollar ekvivalentində son 10 ilin ən minimal büdcəsi kimi formalaşdırır ($8 mlrd)”,-deyə Şaban fikrini yekunlaşdırıb.