İlham Şaban: Neft bazarı artıq özünü tənzimləyir

”Hələ bazar iştirakçıları OPEC üzvlərindən pozitiv siqnallar almırlar”

Source:


”Hələ bazar iştirakçıları OPEC üzvlərindən pozitiv siqnallar almırlar”

Son bir neçə gündə neftin qiymətinin 45-49 dollar civarında oynaması müxtəlif yanaşmaları gündəmə gətirib. Bu sırada siyasi, iqtisadi maraqlar daha çox səslənsə də, mütəxəssislər fərqli düşünürlər.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə deyib ki, son iki gün ərzində neftin qiymətində ucuzlaşma müşahidə olunub:

“Mayın 5-i səhərə yaxın London birjasında  brend markalı neftin qiyməti 46,68-dək ucuzlaşdı, noyabrdan sonra neftin qiymətində bu qədər ucuzlaşma olmamışdı. Mayın 4-də London birjası 48,38 dollarla bağlanmışdı, yəni ucuzlaşma həddi 2,41 faiz olmuşdu. İki gün ərzində isə neftin qiymətin 4,5 faiz ucuzlaşma müşahidə olunub”.

Ekspert qiymətin ucuzlaşmasının ən başlıca səbəbini ABŞ-dan gələn məlumatlarla əlaqələndirir:

“Həftənin əvvəlində təhlilçilər Amerikanın həftəlik neft ehtiyatlarının 2,3 milyon barelə qədər azalacağını güman edirdilər. Ancaq mayın 3-də Bakı vaxtıyla 18.30 radələrində Amerika Enerji Administrasiyanın açıqlamasında məlum oldu ki, azalma tempi cəmi 930 min barel olub və bununla gözləntilər özünü doğrultmayıb. Bu, reallıqda o deməkdir ki, növbəti günlərdə ABŞ-a yönəlik olan ixrac həcmləri başqa ölkələrə üz tutacaq. Həmin ölkələrdə də neft satışında böyük rəqabət gözlənilir. Harda rəqabət varsa, orda da qiymətin azalması olur. Ona görə qiymət azalmasını nəzərə alıb çox böyük sürətlə nefti satmağa başladılar. Buna şok effekti deyirlər. Nəticə etibarıyla Amerikada çıxan hesabatlar bu gün bazara ən böyük təsir edən amildir. İkinci səbəbə gələk, hələ bazar iştirakçıları OPEC-dən pozitiv siqnallar görmürlər, hasilatın azalması, ondan sonra atılacaq addımlar, iri və orta ölkələrin mövqeyi narahatlıq yaradır. Mayən 15-də Vyanada OPEC-in növbəti toplantısıdır, amma heç bir bəyanat yoxdur, heç verilən bəyanatlar da inandırıcı deyil. Ona görə də qiymətlərin tədricən 55 dollarlıq dəhlizdən 45-50 dollara qədər düşməsi müşahidə olundu. Hazırda qiymət 48-49 dollar arasındadır, şok effekt keçib, bazar artıq özünü tənzimləyir”.

İlham Şaban

“Yaxın gələcəkdə nə gözlənilir” sualına İlham Şabanın cavabı belə olub:

“4 ayın yekunlarına görə, brend markalı neftin orta qiyməti dünya bazarında 1 barel üçün  53,47 dollar olub. Bu, cari il üçün verilən orta qiyməti üstələyir. Hələ bazar iştirakçıları OPEC üzvlərindən pozitiv siqnallar almırlar, amma mayın 15-də hasilatın azalmasıyla bağlı qərar qəbul edəcəklər və iyulun 1-dən tətbiq olunacaq.  Bu, qiymətin yenidən 50 dollar civarını götürməsinə imkan yaradacaq. Dördüncü rübə qədər qiymətin 50-52 dollar civarında olacağı mümkündür. Çünki Amerikada hasilat tədricən artır, artım ilin sonuna qədər davam edəcək və bütün proqnozlar da bunun üstündə köklənir. Bu qiymət isə bazar iştirakçıları üçün pis nəticə deyil. Onlar “qızıl dövr” adlandırdıqları 2011-2014-cü illərinin tarixdə qaldığını başa düşməlidirlər. Düzdür, nə vaxtsa neftin qiyməti 100 olacaq, bunun obyektiv səbəbləri var, neftin dünya enerji balansında çəkisinin azalması və s. amillər. Bu, 2025, 2030-cü illər ola bilər, ancaq o zaman neftin 100 dollarlıq qiyməti 2010-cu illərdəki qiymətlə hesablaşanda 70 dollar olacaq”.

Ana səhifəXəbərlərİlham Şaban: Neft bazarı artıq özünü tənzimləyir