İlham Şaban: Dövlət fokusu ARDNŞ-ın üzərinə dəyişir


”Gəlirlərin korrupsiyanın “yemi”nə çevrilməsini bilmək üçün hökumətyönümlü mətbuatı oxumaq kifayətdir”



Neft sahəsi üzrə mütəxəssis İlham Şaban “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş

Saziş

in yaratdığı sualları Meydan TV-yə şərh edib.


– İlham bəy, 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndən Azərbaycanın qazancı nə oldu?

– Birinci, 125 milyard dollardan artıq Dövlət Neft Fonduna mənfəət şəklində qazanc daxil oldu. Ancaq ARDNŞ-nin nə qədər qazanması faktı açıqlanmayıb, ona görə neçə milyard olması barədə danışmaq çətindir. İkinci, dövlət büdcəsi ümumilikdə vergilər şəklində 20 milyarda yaxın qazanıb. Başqa bir tərəfdən, mən Dövlət Sosial Müdafiə Fonduna nə qədər vəsaitin köçürülməsi barədə informasiyaya rast gəlməmişəm. Çoxlu informasiya mənbəsi var ki, açıqlansa, doğru rəqəm əldə etmək olar. Çox təəssüf ki, Azərbaycan hökuməti bunları açıqlamayıb. Əslində, bu informasiyaların açıqlanması hökumətin uğuru olardı ki, 1994-cü il müqaviləsindən ölkəyə filan qədər vəsait daxil olub. Ancaq hər yerdə etiraf olunur ki, məhz “Azəri-Çıraq-Günəşli” müqaviləsinin imzalanması ilə Azərbaycan iqtisadiyyatı yeniləndi.


– Sadaladıqlarınızla bərabər iqtisadçılar, siyasətçilər və ictimai xadimlər “Əsrin müqaviləsi”ndən daxil olan gəlirlərin korrupsiya “yemi”nə çevrildiyini də deyirlər. Bu barədə nə deyə bilərsiniz?

– Korrupsiyanın “yemi”nə çevrilməsini bilmək üçün gedişata nə “lupa” ilə baxmaq lazımdır, nə də mikraskopla. Sadəcə, 2015-ci ildən sonra hökumətyönümlü mətbuatı oxumaq kifayətdir. Və ləğv olunmuş  MTN-nin həbsdə olan generalı Akif Çovdarovun açıqladığı faktları bilmək bəs edər. Neft vəsaitlərinin mənimsənilməsi kiminsə boru kəmərindən neft, yaxud Dövlət Neft Fondundan (DNF) vəsait oğurlanması demək deyil. DNF-dən Oğuz-Qəbələ boru kəmərinə vəsait ayrılıb. Bu kəmər ölkə daxilində heç 300 kilometr də deyilsə, üstəlik nasos stansiyası da qurulmayıbsa, amma qiyməti 1 milyard dollardısa, məntiq yeyintinin olduğunu deyir. Halbuki, Bakı-Tbilisi-Ərzurum boru kəməri vaxtilə elə həmin 1 milyarda çəkilib.


– 1994-cü ilin “Əsrin müqaviləsi” ilə sentyabrın 14-də imzalanan müqavilə arasında fərq nədən ibarətdir?

– Fərq çox sadədir, əvvəla, şirkətlər “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasını istəyirdi. Xeyr, müqavilə uzadılmayıb, əgər müqavilə uzadılsaydı, o zaman 1994-cü ilin şərtləri həyata keçməkdə davam edəcəkdi. Sentyabrın 14-də imzalanan sənəddə müqavilənin şərtləri dəyişib və yeni müqavilə imzalanıb. Bu sənəd yeni yaranmış ictimai-siyasi və iqtisadi situasiyadan çıxış edilərək ortaya çıxıb. Artıq 90-cı illərdə xarici şirkətlər üçün olan siyasi, iqtisadi, maliyyə, geosiyasi və geoiqtisadi risklər bu gün yoxdur. O zaman Azərbaycan hər şeyə ehtiyacı olan bir dövlət səviyyəsindəydi. İndi tənqid atəşinə tutulacaq məqamlar çoxdur, amma bu gün Azərbaycan varlı dövlət və kasıb cəmiyyəti olan vəziyyətdədir, SSRİ-yə bənzəyir. Dövlətin hesabında 40 milyard dollar vəsait var, 35 milyard DNF-da, 5 milyard Mərkəzi Bankda. Üçüncü, ölkənin siması dəyişib, infrastruktur və s. Dövlətin başqa dövlətlərə təsir mexanizmi var, qonşu ölkələrə yatırım qoyur, vəsait qazana bilir. Bü gün bunlar yeni müqavilədə özünü ehtiva edir. Yəni Azərbaycan həmin dövlət deyil ki, 1990-cı illərdəki kimi danışılsın.

foto AZƏRTAC


– Bəs bu gün imzalanan müqavilə şərtlər baxımından 23 il əvvəlki “Əsrin müqaviləsi”ndən hansı tərəfləri ilə fərqlənir?

– Bu dəfə dövlət fokusu ARDNŞ-ın üzərinə dəyişir. Əgər 1994-cü ildə ARDNŞ-nin payı 10 faiz, sonradan 11,6 faiz oldusa, indi 25 faizdir. Dövlət bu payı xarici şirkətlərin payının azalması hesabına edir və göstərir ki, ARDNŞ kifayət qədər vəsait qazanmalıdır. Bunun hesabına ARDNŞ öz layihələrini maliyyələşdirməklə daha çox pul qazanıb, dövlətə vergi verməli və şirkəti saxlamalıdır. Çox yaxşı bir mesajdır, yəni dövlət öz yükünü azaltmış olur, nəzərə alın ki, 2010-17-ci illərdə dövlət ARDNŞ-ə yardım edirdi. Bir şeyi də unutmayaq, hasilatın azalması əvvəlki illərdə olduğu qədər gəlir gətirməyəcək, həmin illərdə hasilat 35 milyon idisə, bundan sonra 24 milyon civarında olacaq, getdikcə azalır. Ona görə dövlət fokusu ARDNŞ-ə çevirir ki, bu, çoxşaxəli biznes deməkdir. ARDNŞ-in əvvəlki illərdə biznesi yanacaqdoldurma məntəqələri idisə, indi Sumqayıtda, Bakıda və Türkiyədə kimya və qaz-kimya sənayesi var. Bu gün kimya sənayesi 300 milyon, qaz-kimya sənayesi isə 500-600 milyon dollar gəlir gətirəcək, üst-üstə 1 milyard dollara yaxın gəlir deməkdir. Türkiyədəki biznesin miqyası isə gəlirlərini çıxandan sonra 2024-2025-ci illərdə milyardlarla qazanc gətirə bilər, amma hər şey qiymətdən asılıdır. Qeyri-neft gəlirlərindən çox danışılır, ancaq hökumət görür ki, real gəlir sektoru neft-qaz sənayesindədir. Ona görə diqqəti bu sahəyə yönəldir.


– Amma sizi dinləyən başqa bir ekspert Azərbaycanda müəllimlərin, həkimlərin və digər büdcə təşkilatlarında çalışanların maaşların Ermənistan və Gürcüstandan aşağı olduğu arqumentini də səsləndirə bilər. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, düzdür, müəllimlərin əmək haqqı 1 manat da ola bilər. Söhbət neft sənayesindən və dövlətdən gedir. Rusiya xarici ölkələrə 14-15 milyard dollarlıq silah satır, kimsə bu silahı alanda şimal ölkənin hansısa kəndində yolun olmadığını demir. Əksinə, xatırladır ki, silah şirkətində işləyən 2 min dollar maaş alır. Yaxud “Qazprom” şirkətində əmək haqqı 3-5 min dollar civarındadır.


– İlham bəy, müqavilənin müddəti niyə 2050-ci ilə qədər uzadıldı?

– Əvvəla, sentyabrın 14-də müqavilə uzadılmayıb, yeni müqavilə imzalanıb. Bir aydan sonra 1994-cü ildə imzalanan müqavilə hüquqi qüvvəsini itirəcək. Sualınıza gələk, niyə 2040-ci il yox, 2050-ci il. Ortada real hesablama var, hesablayıblar ki, həmin ilə qədər ehtiyatları tam çıxarmaq olar. Hazırda 6 platforma var. Gələn il birini də inşa edəcəklər, müqavilənin xitam verilməsinə 5 il qalmış ləğvetmə işlərinə başlanacaq, bütün estakadalar, buruqlar söküləcək, necə ki, xarici şirkətlər gələndə Xəzər dənizi təmiz idi, elə də olacaq, buna da milyardlarla vəsait xərclənəcək.

Ana səhifəVideoİlham Şaban: Dövlət fokusu ARDNŞ-ın üzərinə dəyişir