İlham Şaban: Bu il neft hasilatımız azalacaq

“1 milyard 758 milyon dollar azalma milli valyutaya təsir göstərib”

Source:
İlham Şaban foto Meydan TV


“1 milyard 758 milyon dollar azalma milli valyutaya təsir göstərib”

Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 2016-cı ildə 5 milyard 100 milyon dollar gəlir əldə edilib.

Azadlıq Radiosu Dövlət Neft Fonduna (DNF) istinadən bu barədə xəbər yayıb.

Məlumata əsasən, illik azalma 1 milyard 758 milyon dollar olub.

2015-ci ildə AÇG-dən Neft Fonduna daxilolmaların ümumi məbləği 6 milyard 858 milyon dollar olmuşdu.

DNF-nin məlumatlarında AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər də açıqlanıb. Həmin rəqəmlərə görə, 2001-ci ildən etibarən bu yataq neft satışından 122 milyard 109 milyon dollar gəlir verib.

DNF “Şahdəniz” yatağından əldə olunan gəlirləri də açıqlayıb.Son bir ildə “Şahdəniz” yatağı qaz satışından 64 milyon dollar gəlir verib.

“Şahdəniz” yatağı üzrə 2007-ci ildən etibarən əldə olunan ümumi gəlirlər isə 2 milyard 506 milyon dollar təşkil edib.

“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə bildirib ki, 1 milyard 758 milyon dollar azalma milli valyutaya təsir göstərib: “Məsələn, 2016-cı ilin yanvarında 1 dollar 1.55 manat idi, ilin sonunda 1.90-la yekunlaşdı. Yəni fəsad manat üçün oldu. İkinci, 2016-cı ildə büdcəmiz “arıqladı”, çünki gəlirimiz azaldı və hökumət xərcləmələri ona adekvat etdi”.

Ekspert 2017-ci illə bağlı bildirdi ki, ötən il orta ixrac qiyməti 45,5 dollar olub, cari il üçün büdcə 40 dollardan hesablanıb:

“Reallıqda neftin orta ixrac qiymətinə gəlincə, ən bədbin proqnoz odur ki, “Brend” markalı neft 52 dollardır, optimist proqnoz 57 dollardır. Ortalama götürdükdə 54 dollar civarında ola bilər və bu, 2015-ci ilin ixrac qiyməti idi. Ancaq bu il neft hasilatımız azalacaq. Əgər 2016-cı ildə 41 milyon ton neft hasil olunubsa, 2017-ci ildə 40 milyon səviyyəsində olacaq, 1 milyon ton neft azalacaq. Ona görə də neftin qiymətinin 23-25 faiz  artması hasilatın azalmasını kompensasiya etmək iqtidarındadır. 2016-cı ildə fonda 5,1 milyard dollar vəsait daxil olmuşdusa, qiymətlər özünü doğrultsa, bu il 5,3, 5,4 milyard dollar civarında valyuta daxilolmalarını gözləmək olar”.

Ana səhifəXəbərlərİlham Şaban: Bu il neft hasilatımız azalacaq