”Norveçin Azərbaycan kimi problemləri yoxdur”
Norveçin 1, 1 trilyon dollarlıq neft fondunun 2017-ci il üçün gəliri 13, 7 faiz olub. Pulla ifadədə bu 131 milyard dollar deməkdir.
Bu barədə Financial Times qəzeti
xəbər
verir.
Bu dünyanın ən böyük milli rifah fondunun ötən il öz tarixində ən böyük gəlirlərdən biridir.
Ekspertlər bu uğuru qiymətli kağızlar bazarındakı gəlirlərlə izah edirlər.
Norveçin suveren sərvət fondu faizlə ifadədə bundan yaxşı göstəriciləri yalnız 2009 və 2013-cü illərdə nümayiş etdirib.
Fond investisiyaların 66, 6 faizini qiymətli kağızlarda, 30, 8 faizini bondlarda və 2, 6 faizini daşınmaz əmlakda saxlayıb. Daşınmaz əmlak əsasən Londonun mülkiyyət bazarındadır.
Norveç neft fondu Apple, Tencent və Microsoft kimi texnologiya nəhənglərinin səhmlərindən də yaxşı gəlir əldə edib.
Bu mənada özünü doğrultmayan investisiyalar General Electric, Exxon Mobil və İsrailin Teva əczaçılıq şirkətinə aiddir.
Norveç neft fondunun rəhbəri Yngve Slyngstad deyib ki, fonddakı hər dörd kronun 1 kron gəlir gətirməsi sevindirici göstəricidir.
Hökumət ötən il fonddan 61 milyard kroon (7, 4 milyard dollar) çıxarıb. Bu hökumətin düşən neft qiymətləri ilə bağlı fonda 2016-cı ildən bəri ikinci “müraciəti” idi.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Norveç Neft Fondunu Azərbaycan Neft Fondu ilə müqayisə etməyin əleyhinədir.
Ekspert deyir ki, miqyas fərqlidir.
“Təsəvvür edin ki, Azərbaycan futbol çempionatını İspaniya, yaxud İngiltərə çempionatı ilə müqayisə edirsən, bu, mümkün deyil”.
İlham Şaban bildirib ki, Norveç yalnız Avropaya 105 milyard kubmetr qaz satır, Azərbaycanın ötən il qaz ixracı maksimum 8,5 milyard kubmetr. Azərbaycan 8,5 milyard kubmetr qazın 2 milyardını regional bazarda satır:
“Azərbaycan hələ Avropa qaz bazarına çıxmayıb və 2020-ci ildə 10 milyard satacaq. Norveç isə 2022-ci ildə 120 milyard satacaq. Söhbət yalnız qaz satışından gedir”.
Mərkəz rəhbəri deyir ki, əgər Azərbaycan müstəqilliyini 1992-ci ildə yox, 1970-ci ildə qazansaydı, müqayisə etmək olardı.
“Bundan əlavə Azərbaycan müstəqilliyin ilk 10 ilini yaşamaq üçün sərf edib, 2000-ci ilə qədər ciddi gəlir olmayıb. Beş illik müharibə və onun nəticəsində 600 min nəfərlik qaçqın şəhərciyi salınıb. Yalnız 2005-ci ildə qaçqın şəhərciklərinin ləğvinə start verildi. Bunlar hamısı maliyyə vəsaiti tələb edir. Norveçdə belə problemlər olmayıb və bu ölkə 70-ci illərdə Şimal dənizində neft-qaz yataqlarını aşkarlayanda oturuşmuş dövlət idi. Bu ölkənin qonşularına baxın, İsveç, Finlandiya, hər ikisi də ən yüksək həyat səviyyəsi var. Azərbaycanın qonşularına baxın, Rusiya məlumdur, imperiya olub, sərvətləri aparıb, Ermənistan təcavüzkar olmaqla bərabər dotasiya ilə yaşayıb, Gürcüstan da məlumdur”.