İlham Rəhimov: ”5+2 formulu bizim üçün qurulmuş bir ”tələ”dir”

”Ortaya daha bir sual çıxır -yerdə qalan daha iki rayon – Laçın və Kəlbəcər nə vaxt azad olunacaq?”

Source:
İlham Rəhimov
İlham Rəhimov


”Ortaya daha bir sual çıxır -yerdə qalan daha iki rayon – Laçın və Kəlbəcər nə vaxt azad olunacaq?”

Professor İlham Rəhimov hesab edir ki, əgər Ermənistan-Azərbaycan münaqişəsində vəziyyət müharibə həddinə çatsa, Rusiya gedişata müdaxilə etməyəcək: “Bəzi siyasi şərhçilər ermənilərin arxasında Rusiya dayandığını iddia edəndə, mən bu fikri səsləndirirdim. Bəli, son hərbi əməliyyatlar zamanı hər iki tərəfdən az itkilər olmadı, Əlbəttə, istərdik ki, Azərbaycan ordusu vəziyyətdən istifadə edib Xankəndini də götürsünlər. Görünür, hansısa səbəblərdən ordunun irəliləməsi dayandırıldı. Ancaq o məlum oldu ki, Ermənistan ordusu həmişə düşündüyümüz qədər güclü deyilmiş. Eyni zamanda, Azərbaycan ordusunun güclü əhval-ruhiyyəyə malik olduğu aydınlaşdı”.

Bu barədə minval.az-a danışan professor Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilovun Bakının “5+2 formulu”nu dəstəkləməsi barədə narahatlığını ifadə edib.

“Bunun kimin ideyası olduğunu bilməsəm də, deyə bilərəm ki, bu, bizim üçün qurulmuş bir “tələ”dir. Bu problemin ədalət prinsiplərindən irəli gələn həlli deyil, problemlə uzun illərdir məşğul olan beynəlxalq təşkilatların xülyasıdır və insanda belə bir fikir yaranır ki, onlar məsələnin necə həll olunmasına biganədirlər. Onların əsas məqsədi dünya ictimaiyyəti, həmçinin Azərbaycan və Ermənistan qarşısında problemin həllinə dair “hesabat”verməkdən ibarətdir, vəssalam”-deyə Rəhimov söyləyib.

İlham Rəhimov deyib ki, həmin ideyada söhbət problemin mərhələli həllindən gedir, yəni ilk növbədə, beş, sonra daha iki rayonun işğaldan azad edilməsi, daha sonra, ucu-bucağı görünməyən bir vaxtda Dağlıq Qarabağda yaşayan əhalinin iradəsinə uyğun olaraq onun statusunun müəyyən olunması: “Təsəvvür edək ki, biz beş rayonu azad etmişik və bu səbəbdən oradan məcburi köçkün düşən soydaşlarımız doğma yurdlarına qayıdıb ermənilərlə qonşuluqda yaşamalıdırlar. Belə olduğu halda həmin rayonlarda sülhməramlı qüvvələr yerləşdirilməlidir. Burada həmin sülhməramlı qüvvələrin kimə mənsub olacaqları sualı meydana gəlir: Rusiya, Amerika Birləşmiş Ştatları, yoxsa BMT qüvvələri? İlk baxışdan sadə görünə bilən bu məsələ əslində olduqca prinsipial siyasi məsələdir. Ortaya daha bir sual çıxır -yerdə qalan daha iki rayon – Laçın və Kəlbəcər nə vaxt azad olunacaq? Təsəvvür edin ki, bu məsələ də nə vaxtsa həllini tapacaq, lakin ən mühüm problem Dağlıq Qarabağın statusunun müəyyən olunmasının vaxtı və bu statusun Dağlıq Qarabağ əhalisinin iradəsinə uyğun, obyektiv həyata keçirilməsidir. Məhz buna görə, mən yuxarıda qeyd etdim ki, bu, bizim üçün qurulan “tələ”dir və buna görə beş rayonun azad edildikdən sonra ikinci mərhələyə keçdi – qalan iki rayonun işğaldan qurtarmaq bizim üçün daha çətin, üçüncü mərhələnin – Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin həyata keçirilməsi, onun vaxtını hətta təxminən ehtimal etmək isə bu məsələni qeyri-mümkün edir”.

Ana səhifəXəbərlərİlham Rəhimov: ”5+2 formulu bizim üçün qurulmuş bir ”tələ”dir”