Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Proses başlayarkən Xədicə İsmayıl vəsatətlə çıxış edərək, məhkəmə istintaqının yenilənməsini tələb edib.
Xədicə İsmayıl bildirib ki, prokuror Tural Mustafayevlə bağlı fikirlərində səhvə yol verib: “Mən məhkəmə istintaqı zamanı Tural Mustafayevə facebook yazışmaları ilə bağlı sual verəndə prokuror etiraz etdi. Bildirdi ki, bu mesajlar məhkəmədə tədqiq olunmur. Ancaq özü çıxışı zamanı həmin mesajlara istinad etdi. Ona görə də xahiş edirik ki, məhkəmə istintaqı yenilənsin və həmin mesajlar, yazışmalar tədqiq edilsin, hansının doğru və yalan olduğu ortaya çıxarılsın”.
Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb, məhkəmə vəsatəti təmin etməyib.
Sonra vəkil Fariz Namazlı çıxış edib. “Nəhayət, ekpress məhkəmə prosesi bitdi” – deyə sözə başlayan vəkil Xədicə İsmayıla qarşı 5 maddənin irəli sürüldüyünü lakin heç bir sübutun olmadığını deyib
Daha sonra müdafiə tərəfinin digər vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Onun fikrincə, məhkəmə istintaqında ittiham darmadağın olunub: “Həm Xədicə İsmayıl, həm də müdafiə tərəfi sübut etdi ki, ittiham saxtadır, qərəzlidir, Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır. Prokuror iki saat ittiham nitqi söylədi, mən diqqət elədim, heç bir normativ akta istinad etmədi. Halbuki prokuror “danışan qanundur”.
Xədicə İsmayılın anası Elmira İsmayılova vəkillərin əlindən gələni etdiyini, lakin bunun bir mənasının olmadığını və yuxarıdan gələcək göstərişin qərar olacağını bildirib.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev hesab edir ki, Xədicə İsmayıla qarşı qaldırılmış ittihamlar qondarmadır.
Jurnalist Şahvələd Çobanoğlu Xədicəyə veriləcək olan hökmü proqnozlaşdırmağın düzgün olmadığını və heç hakimin də bilmədiyini deyib.
Xədicə İsmayıl son sözünü hazırlamaq üçün 1 həftə vaxt istəyib. O bildirib ki, vəkilləri ilə görüşməlidir. Prokuror deyib ki, o, çıxış yox, son söz deyir, bu qədər vaxt çoxdur. Nəticədə məhkəmə prosesi 31 avqustda, saat 14:00-a təyin edilib. Avqustun 31-də Xədicə İsmayıl son söz deyəcək.