“Azərbaycan vətən müharibəsi apardığı üçün islam bayrağı qaldıran terror təşkilatlarının bura gəlməsi mümkünsüzdür”
“Moskvada Dağlıq Qarabağ ətrafında gərginliyin artmasını təlaşla qarşılayırlar”. Rusiya Federasiyasının Xarici Kəşfiyyat İdarəsinin direktoru Cergey Narışkin belə deyib.
Sergey Narışkinin açıqlamasını Xarici Kəşfiyyat İdarəsinin mətbuat bürosu oktyabrın 6-da
yayıb.
Sergey Narışkin bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya üçün bölgədə yeni müharibə yolverilməzdir:
“Üstəlik hərbi əməliyyatlar nəticəsində bizə dost olan erməni və Azərbaycan xalqının nümayəndələrinin həlak olmasını da etinasız qarşılamırıq. Dağlıq Qarabağın təmas xəttində əvvəllər də toqquşmalar baş verib. Vəziyyətin hazırda kəskinləşməsi təkcə öz miqyası ilə deyil, həm də prinsipial olaraq xarici amillərin təsiri ilə də böyük təşviş doğurur. Türkiyə ilk dəfədir ki, bu cür açıq və birmənalı şəkildə Azərbaycanın tərəfində çıxış edir. Bundan başqa, Qarabağda alovlanan silahlı qarşıdurma müxtəlif beynəlxalq terror strukturlarının döyüşçülərini maqnit kimi özünə çəkir”.
“Xarici Kəşfiyyat İdarəsinin əlində olan məlumata görə, Yaxın Şərqdə döyüşən beynəlxalq terror təşkilatlarının, o cümlədən “Cəbhət ən-Nüsrə”, “Firkət Həmzə”, “Sultan Murad”ın muzdluları, həmçinin ekstremist kürd qruplaşmaları fəal şəkildə münaqişə zonasına cəlb olunur. Özü də söhbət yeni Qarabağ müharibəsində varlanmaq istəyən yüzlərlə və hətta minlərlə radikallardan gedir”,-Narışkin belə deyib.
Sergey Narışkinin sözlərinə görə, onlar beynəlxalq birliklərin köməyi sayəsində münaqişə tərəflərinin sonunda güc tətbiqindən əl çəkəcək və danışıqlar masasının arxasına əyləşəcəyinə şübhə etmirlər:
“Bununla belə, Qafqazın beynəlxalq terror təşkilatlar üçün yeni müharibə meydanına çevrilə biləcəyindən narahatıq, belə ki, bu döyüşçülər gələcəkdə Azərbaycan və Ermənistan dövlətləri ilə qonşu olan ölkələrə, o cümlədən Rusiyaya keçə bilərlər”.
Meydan TV Sergey Narışkinin açıqlamasıyla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla sorğu göndərib.
İlham İsmayıl hesab edir ki, Rusiyanın narahat olduğu məsələ Türkiyənin açıq və birmənalı şəkildə Azərbaycanın tərəfində dayanmasıdır, Narışkin də bunu dilə gətirib.
İlham İsmayıl Narışkinin terror təşkilatları barədə dediklərinin yalan olduğunu düşünür:
“Onun birinci səhvi odur ki, Azərbaycan vətən müharibəsi aparır, cihad etmir. Narışkinin adını çəkdiyi terror təçkilatları isə yalnız dini zəmində olan qarşıdurmalara qarışırlar. Hansısa dövlət ərazi bütövlüyü problemini həll edirsə, müdaxilə etmirlər. Azərbaycan vətən müharibəsi apardığı üçün islam bayrağı qaldıran terror təşkilatlarının bura gəlməsi mümkünsüzdür. Narışkinin ən böyük yalanı kürd ekstremist qüvvələri haqda söylədikləridir. Kürd ekstremist qüvvələri türkün dostudur ki, Türkiyə də onları Azərbaycana gətirsin? Ümumiyyətlə, kürd ekstremist qüvvələri Türkiyənin və Azərbaycanın əleyhinədir. Ona görə də Narışkinin söylədikləri tamamilə yalandır”.
İlham İsmayılın sözlərinə görə, Narışkin məqsədli şəkildə belə açıqlama verib:
“Fikir verirsiniz, Narışkin deyir ki, onlar həmin terror təşkilatlarının sonradan Rusiyaya keçəcəyindən qorxurlar. Əvvəla, İŞID kimi təşkilatın nəzdində ərəb ölkələrindən sonra ən çox vuruşan Rusiya vətəndaşlarıydı, Şimali qafqazlılardı. Biz o zaman heç demədik ki, Rusiya vətəndaşları hara qoşulub, sabah geri qayıdanda nə edəcəyik?! Yəni Narışkinin hansısa terror təşkilatının Rusiyaya sıçraması barədə dedikləri səhvdir, çünki rusiyalılar onsuz da orda var. Onun bu söylədikləri bəhanədir ki, Azərbaycanın anti-terror əməliyyatının qarşısını alsınlar. Sual yaranır, Narışkin Ermənistan tərəfdən PKK-dan Livandan, Suriyadan gələn terrorçuları niyə xatırlatmır? Onun açıqlaması yenilik deyil, çünki Rusiya 1988-ci ildən Ermənistanın tərəfində olub”.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) oktyabrın 6-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan istifadə etməsi haqqında açıqlama yayıb.
DTX bildirib ki, Ermənistan İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir:
“Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər”.