“Saat yarımda necə müəyyənləşdirdilər ki, Hüseynzadə məişət zəminində səfirliyə hücum edib”
Yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum onsuz da yaxşı olmayan Bakı-Tehran münasibətlərini “soyuq”laşdırdı. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, 2 əməkdaş isə yaralandı.
Hücum hər iki dövlətin rəsmi orqanları tərəfindən fərqli baxışdan qiymətləndirilir. Tehran məişət zəminində, Bakı isə terror olduğunda israrlıdır.
Bu baxımdan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla sual doğuran məqamlarını müzakirəyə çxıartmağa cəhd etdik.
– İlham bəy, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan 3 gün keçir. 200 illik tarixi xatırlasaq, gözümüz önünə XIX əsrdə İranda Rusiya səfirliyinə hücum olub, nəticədə səfir Qriboyedov öldürülüb. Ötən əsrin sonunda ABŞ səfirliyinə hücumda 52 diplomat girov götürülüb və 444 gün saxlanılıb. XXI əsrdə Böyük Britaniya və Səudiyyə Ərəbistanı ölkələrinin diplomatik korpuslarına hücumlar baş verib. Nəhayət, Azərbaycanın da səfirliyinə silahlı hücum oldu. Bütün bunların fonunda sizin də sosial şəbəkədə səsləndirdiyiniz Tehrana son hadisə lazım idi sualı aktuallıq kəsb etmirmi?
– Siz 2 əsr əvvələ getdiniz, amma İranın 2020-ci ilin 44 gün savaşından sonrakı münasibəti təhlil etdikdə, o qədər də yaxşı olmayan mənzərə yaranır. Yəni, İran İslam Respublikası Azərbaycana qarşı elə bir düşmənçilik siyasəti yeridib ki, məntiqi nəticə belə də olmalıydı. Mən xırda detalları sadalamayacam, birinci, müharibə bitəndən sonra İran 62 minlik qoşunla Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirdi. Təlimlər vaxtı siyasi və hərbi rəhbərliyin rəsmiləri Azərbaycana qarşı hədələrini səsləndirirdilər. İkincisi, Ermənistana və ordan da Dağlıq Qarabağdakı separatçılara tank əleyhinə idarə olunan raket sistemləri və onların istifadə qaydalarını öyrətmək üçün 27 İran vətəndaşı Azərbaycan ərazisinə göndərilmişdi. Üçüncüsü, Tehranın Bakıdan qeyri-rəsmi tələbi İsraildə səfirliyin açılmaması idi. Amma səfirliyin açılması qərarından sonra İrandan xüsusi hədələr gəldi ki, “bunun bədəli ağır olacaq”. Ardınca Yerevanla Tehranı qardaşlaşmış şəhər elan etdilər, sanki “göz dağı” verirdilər, halbuki, adi bir şeydir. Onsuz da Ermənistanla İranın qardaşlığı məlum idi, amma bu dəfə rəsmiləşdilər, olsun. Bütün bunları və səfirliyə hücumları analiz edəndə, nəzərə alın ki, son hücumlar teokratik rejimin vaxtında baş verib, aydın olur ki, İran İslam Respublikası üçün elçiliyin müqəddəsliyi anlayışı yoxdur. Bilirsiniz ki, ABŞ-dan əvvəl Misir səfirliyinə hücum olub, çünki şah Qahirəyə getmişdi. Səbəb də Misirin şahı qəbul etməsi idi. Ardınca ABŞ-a getdi, elə onda da Vaşinqtonun səfirliyini götürdülər. Və bu əsrdə Azərbaycanla bərabər Böyük Britaniya və Səudiyyə Ərəbistanı səfirliyinə hücumlar olur. Yəni, Tehran üçün ağıllarına gələn odur ki, dövlətdən heyfini elçisindən alsın. Diplomatik təfəkkür yoxdur ki, elçi toxunulmazdır.
– Bəs Vyana Konvensiyası? Axı öhdəlik götürülüb…
– Bəli, öhdəliyə imza atıblar. Amma sabah da başqa səfirliyə, yenidən Azərbaycan səfirliyinə analoji hücum edə bilərlər. İnternetdə keçmiş xüsusi xidmət orqanının əməkdaşının çıxışı var, bu, sıradan bir təhdid deyil, həmin adam Bakı elçiliyi adlandırırdı, Azərbaycanın adını da çəkmirdi. Çünki ənənə olduğundan adamlarda istər-istəməz fikir formalaşıb ki, girim səfiliyi dağıdım.
– Azərbaycan 27 yanvar olayını terror, İran isə məişət zəminində olduğunu israr edir. Silahlı basqın edən Yasin Hüseynzadə isə həyat yoldaşının 9 aydır səfirlikdə saxlanıldığını deyir. Bu baxımdan qonşu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycan hökuməti qarşısında bu barədə məsələni qaldıra bilməzdimi?
– Əvvəla, Yasin Hüseynzadənin həyat yoldaşı Azərbaycan vətəndaşıdırsa, səfirlik onu 3 gündən artıq saxlaya bilməz. Yəni, heç bir səfirlik öz vətəndaşını 9 ay orda saxlayası deyil. Bəli, sığınacaq almaq üçün müraciət edə bilərlər. Ancaq biz hələ onun həyat yoldaşının Azərbaycan vətəndaşı olub-olmadığını bilmirik. O da məlum deyil, yəqin ki, istintaq onu aydınlaşdıracaq.
Məsələnin əsas tərəfinə gələk, biz terror aktı, qarşı tərəf isə məişət zəminində olduğunu söyləyir. Yasin Hüseynzadə 10 ay əvvəl müraciət etdiyini deyir, səfirlik də belə olmadığını bildirir. Bilin ki, Hüseynzadə müraciət edən günün səhəri İran xüsusi xidmət orqanları onunla maraqlanıblar. Ümumiyyətlə, İran kimi dövlətdə hər hansı səfirliyə müraciət edən şəxs qeydiyyata düşür və nəzarətə götürülür. Əgər xarakteri imkan verirsə, onunla işləyirlər. Və İranın xüsusi xidmət orqanlarının “verbovka” etmək iş metodlarından biridir. Dünyada belə bir standart var: kimsə məxfi informasiya daşıyıcısı olsa, yaxud məxfi informasiyanı əldə etmək imkanları varsa, onları “verbovka” edirlər. Hər sıradan olan vətəndaşı öz ölkəsinin xüsusi xidmət orqanı “verbovka” etmir. Amma İranda küçədə göyərti satanı da işə cəlb edirlər. Güman ki, Hüseynzadənin psixoloji gərginliyini, müəyyən qədər qəddarlığını, əzmkarlığını görürlər, çünki özü deyirdi ki, dəfələrlə səfirliyə müraciət edib. Nəticədə onun üzərində işləməyi qərara alırlar. Bunlar məsələlərin bir tərəfidir. İkincisi, əgər prosesin özünü yayılan videolarla təhlil etsək, terror aktı olduğu aşkardır.
– Hansı arqumentlərlə fikrinizi əsaslandıra bilərsiniz?
– Düzdür, videolar ardıcıl şəkildə yayılmayıb. Əvvəl sonuncu, sonra digərləri yayıldı. Yasin Hüseynzadə səfirliyə hücum edəndə, mühafizə xidməti yox idi. Ordakı kiçik köşkdə bir nəfər var idi, o da hərəkətsiz qarşıladı. Halbuki, səfirliyin qarşısında ən azı 3 polis olmalıdır. Onların sayını artıra da bilərlər, amma azalda bilməzlər. Baxın, Azərbaycandakı səfirliklərə, fərqi yoxdur, hamısının qarşısında 3 polis mühafizə edir. Deməli, səfirliyimizin qarşısında polis yoxdur. Niyə polislər yoxdur? Birinci şübhəmiz bu sualda yaranır. İkincisi, adam gəlib qapıya atəş açır, külünglə vurur, amma təxminən 30 dəqiqə bu səsə də polislər gəlmir. Heç kimə sirr deyil ki, bütün səfirliklər kənardan kameralarla qorunur. Bəs Tehran polisi niyə reaksiya vermir?! Hətta “molotov kokteyl”lə maşını partlatmaq istəyirlər, bacarmırlar. Yenə də polis yoxdur, köşk də boşdur. Üçüncü dəfə maşınla gəlib qarşıdakı avtomobilə vurur ki, içəridəkilər çölə çıxsın. Çünki Hüseynzadə adamlarla eyni vaxtda gəlmədiyindən qapı bağlanmışdı. O səs edir ki, adamlar çölə çıxsın. Adi vətəndaş avtomatla maşını sürətlə sürüb qarşıdakına toqquşdurur və çıxıb atəş açır. Yasin Hüseynzadə içəri girəndən sonra da mühafizənin reaksiyası yoxdur və onun səfirliyin işçiləri tutub təhvil verirlər. Buradan o nəticə çıxır ki, Hüseynzadəni hazırlayıblar. Başqa bir detal, hadisədən saat yarım sonra prokuror məişət zəmini barədə danışır. Mən Rusiyanın “İran yenilikləri” mətbuatında həmin açıqlamanı oxumuşam. Təsəvvür edirsiniz, saat yarımda necə müəyyənləşdirdilər ki, Hüseynzadə məişət zəminində səfirliyə hücum edib? Ondan sonra da İranın “Səhər” kanalına müsahibə verir, bu kanal da Azərbaycanın əleyhinə hər gün xəbərlər, reportajlar yayımlayır. Niyə əməliyyat kadrları çəkib yaymırdılar? Beləliklə, bizdə əlavə şübhə yaranır ki, terror dövlət tərəfindən təşkil olunub. Bəli, bu işin ssenarisinin məişət zəmini olduğunu bilirik, amma məişət zəminin əsas gətirib terror aktı törətmək ortadadır.
– Sual yaradan məqamlar videoların yayılmasıdır. Birincisi, həmin videolar sosial şəbəkələrdə və hökumət mediasında yayımlanır. İkincisi, videolar arasında zaman fərqləri var. 8.02-də Hüseynzadə səfirliyə hücum edir, amma başqa videoda 8.32-də səfirliyə gəlib həm “Kalaşnikov”, həm də “kuvalt”la qapını vurur. Daha sonra “molotov kokteyl”i atılır. Nə üçün bu videolar xaos şəklində yayımlanıb? Hüquq-mühafizə orqanları özlərinə nədəsə arxayındılar, yoxsa İran rəsmilərinin hər hansı açıqlamalarından sonra yayıma buraxırlar?
– Güman ki, səfirlik birinci hücum olan videonu göndərib, içəridəki əlbayaxa döyüşü. Mən demirəm videoların ardıcıl çatdırılmaması qəbahətdir, sadəcə, əldə olunan materiallar belə olub. Bəli, ardıcıllıq müəyyən qədər pozulub, amma istintaq gedir, açıq şəkildə göstəriləcək.
– Ancaq videoların saatları fərqli zamanları göstərir…
8.32-də içəridə dava gedir, mən elə gördüm. 8.02. “molotov kokteyl” və külünglə qapını vuran videonu görmüşəm. Bütün hallarda videoların yayımında səhlənkarlıq yoxdurmu?
– Tam səhlankarlıq var, razıyam. Zamanın göstərilməsində fərqlilik varsa, aydınlıq gətirilməlidir. Yəqin ki, istintaq buna aydınlıq gətirəcək. Cinayət işi açılıb, bildiyimə görə İran Azərbaycan hüquq-mühafizə orqanlarının istintaq tədbirlərində iştirakına icazə verib. Amma mühafizənin təşkili məsələsində İran dövlət olaraq vəzifələrini yerinə yetirməyib. Və bu qəflətən baş verən hadisə deyil. Sadaladıqlarımız kifayət qədər əsas verir deyək ki, dövlət işin planlaşdırılmasında birbaşa olmasa da, dolayısı ilə iştirak edib.
– Yekunda sualımı bir qədər fərqli qoymaq istərdim. Hadisə baş verən zamanda Qarabağda İlham Əliyevin dediyi kimi Rusiyanın göndərdiyi Ruben Vardanyanla Arayik Arutunyanın mübahisəsi kəskinləşir. Və Vardanyanın Azərbaycana qarşı tələbləri sərtləşir. Bunlar arasında bir əlaqə varmı?
– Qarabağ məsələsinə yekun nöqtə qoyulmadığından və suverenliyimiz tam bərpa olunmadığından bu zəif bəndimizdən istifadə edəcəklər. Kim edəcək, İran, Rusiya, Fransa və alət kimi də Ermənistan. Demək istəyirəm ki, Qarabağda suverenliyimiz tam bərpa olunmayana qədər bu cür məsələlərin şahidi olacağıq. Təbii ki, Fransadan hərbi müdaxilə yoxdur, amma diplomatik təzyiqlər var. Çünki Xankəndi məsələsi həll olunmayıb. Bəli, indi deyirik ki, Qarabağ məsələsi daxili işimizdir. Ancaq de-fakto məsələyə yekun nöqtə qoyulmayıb.
– Həll olunma deyəndə nələri nəzərdə tutursunuz, ordakı erməni vətəndaşlarımızla təmasa keçmək və…?
– Həll deyəndə, dövlət nəzarətimizin olmasını nəzərdə tuturam. Faktiki Vardanyan deyir ki, onlar Azərbaycanın tərkibində olmayacaq, havadarlarının da bundan Azərbaycana təzyiq etmək üçün öz maraqları var. Rusiya bütövlükdə Cənubi Qafqazda qalmaq üçün münaqişənin uzanmasında maraqlıdır. Fransa Rusiyanı əvəz etmək istəyir, Qərbin ümumiyyətlə hədəfi bundan ibarətdir. İran isə Azərbaycanı zəif görmək və münaqişədən istifadə edib təzyiq göstərmək istəyir. Ancaq məsələ tam həll olunanda, hər üç amil ortadan qalxacaq. O zaman Ermənistanın da mövqeyində tamam dəyişiklik olacaq. Bəli, İrandakı hadisə ilə Vardanyanın demarşı arasında birbaşa əlaqə yoxdur. Lakin bunların hamısını birləşdirən birbaşa əlaqə odur ki, Qarabağ məsələsində yekun nöqtənin qoyulmaması 3 dövlətin təzyiqini saxlayır. Hərə öz bildiyi kimi təzyiq göstərəcək. Arutunyanın Moskvaya səfəri göstərir ki, Moskva iki hakimiyyətliyə son qoymalıdır. “Gallup” Sorğu Mərkəzinin Ermənstanda sonuncu sorğusuna baxın, Vardanyan ən reytinqli siyasətçi sayılır. Halbuki, bu, reallıqdan çox uzaqdır. Hesab etmirəm ki, Ermənistan cəmiyyəti Vardanyan layihəsinə müsbət yanaşsın. Çünki ermənilər onun Rusiya layihəsi olduğunu bilirlər. Necə Köçəryan və Sarkisyan zamanında Rusiyaya bağlıydı, onları Ter-Petrosyana qarşı çıxardırdılar, indi də Vardanyan layihəsi işə salınıb. Artıq Qarabağ erməniləri problemlərinin artmasının səbəbini Vardanyanda görürlər. Bilirsiniz, sosioloji sorğu mərkəzləri kəşfiyyatlarla əlaqəli olurlar, lazım gələndə onların nəticələrini dəyişdirirlər də. Sorğuda hətta Mirzoyan belə Paşinyanı üstələyib. Rusiya 2 ildir çalışır ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın, alınmır. Amma proses hələ davam edir.