”Terrorla qlobal mübarizədə hər bir dövlət öz mənafeyini gözləyib, başqa bir dövləti hədəf alacaqsa, bu proses uzun müddət davam edəcək”
İyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən terror nəticəsində 36 nəfər ölüb, 147 insan isə yaralanıb. Son bir ildə Türkiyənin paytaxt Ankara da daxil olmaqla müxtəlif şəhərlərində törədilən terror nəticəsində ölənlərin sayı 294 olub.
Təhülkəsizlik məsələləri üzrə ekspert, keçmiş DTK zabiti İlham İsmayıl Meydan TV-yə bildirib ki, Türkiyə üçün terror yenilik deyil: “Yenilik İstanbulun Atatürk hava limanının hədəf seçilməsidir. Martın 22-də Brüssel hava limanı da hədəf götürülmüşdü və hər iki terror olayı forma və metod baxımından oxşardır. Ancaq Brüsseldən fərqli olaraq İstanbulda kamikadzedən istifadə olunub. Məsələ ondadır ki, kamikadzedən istifadə olunanda nə cür təhlükəsizlik sistemi qursan da, xeyri yoxdur. Çünki terrorçu ölümə gedir. Atatürk hava limanında da Brüsseldə olduğu kimi manevrlərlə işləyiblər, biri zirzəmidə dayanıb, ikisi isə hava limanının içinə daxil olub və silahdan atəş açandan sonra özlərini partladıblar”.
İlham İsmayıl polisin yerindəcə terrorçunu öldürməməsini səhv addım kimi qiymətləndirib: “Türkiyə kimi dövlət təhlükəsizlik sistemində boşluqlara yol verməməlidir, çünki hədəfdədir və hər ay böyük insan itkisilə bitən terror törədilir”.
O, Amerika dövlətinin xəbərdarlığıyla bağlı sualı belə cavablandırıb: “Düzdür, Vaşinqton xəbərdarlıq edib, amma konkret məkan göstərməmişdi. Məhz hava limanının seçilməsi də sıradan bir olay deyil. Hazırda Ankara-Təl-Əviv və Ankara-Moskva münasibətlərinin yaxşılaşmasına qarşı işlənmiş planın düyməsi basıldı. Demək istəyirlər ki, Türkiyə rahat və təhlükəsiz ölkə olacağını düşünməsin və təzyiq vasitəsi kimi terrorun hədəfində olacaqsınız. Bu mənada Türkiyəyə qarşı terror davam edəcək. Terrorla qlobal mübarizədə hər bir dövlət öz mənafeyini gözləyib, başqa bir dövləti hədəf alacaqsa, bu proses uzun müddət davam edəcək. Yox, qlobal mübarizədə İŞİD və PKK-nin kökünün kəsilməsi haqqında yekun qərar çıxacaqsa, ən azı terrorun 90 faizi sıradan çıxarılacaq. Faciə ondadır ki, dövlətlər terror təşkilatlarından hələ də yararlanırlar”.
Brüssel terrorundan sonra nəqliyyat, daxili işlər və ədliyyə nazirləri istefa etdilərsə, Türkiyədə son bir ildə baş verən terror hadisələrindən sonra bir nazir belə istefa verməyib. İlham İsmayıl bu barədə sualı cavablandırarkən deyib ki, istefa sosial-ictimai mədəniyyətdir: “Türkiyə və Azərbaycan kimi dövlətlərdə bunun praktik formasını görməmişik. Ancaq istefalar da terror probleminin köklü həlli demək deyil. Bilmək olmaz ki, hansısa nazir istefa versə, onun yerinə daha peşəkarı gələcək, yoxsa yox. Hesab edirəm ki, Türkiyə dövləti daha sərt addımlar atmalıdır, terrorla mübarizədə klassik metoddan istifadə etmək lazımdır. Türkiyə dövləti terrorçuların tələbinə yer versə, yumşaqlıq göstərsə, daha da zəifləyib məhv olacaq. Ona görə ordunu bu işə cəlb etməli, ən əsası isə Türkiyənin xüsusi xidmət orqanları İsrail və ABŞ kimi dövlətlərlə ciddi informasiya mübadiləsi aparmalıdır. Əks halda, informasiya olmasa, çətin olacaq”.