”Adamdan soruşarlar ki, Antiterror Mərkəzisən, yoxsa ideoloji cəbhənin nümayəndəsi?”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub.
Belə ki, ittiham aktında MTN-nin agentura şəbəkəsi ilə işləyən ictimai-siyasi şəxslərin kimliyi göstərilib.
İctimaiyyətə açıqlanan məlumatlara görə, A.Mehdiyevin əlaqəsində olan etibarlı şəxslər “BET”-yə, “TT”-yə, ATM-in sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan “İƏ”- yə raportlarda göstərilən məbləğlərdə vəsait ödənilib:
“Etibarlı şəxs “BET” – Behbudov Elçin Tofıq oğlu ilə 26.10.13-cü ildə A.Məcidov tərəfındən etibarlı münasibətlər yaradılmış, 25.11.13-cü il tarixli 6/1/6543 saylı raport ilə ona hər ay 2000 AZN pul mükafatı təyin olunmuş, 31.05.14-cü ildə onun Strazburqa səfər xərcləri (2500 azn) ödənilmişdir. “BET”-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olmuşdur. Əlavə olaraq vurğulamaq lazımdır ki, “BET” 05.2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdədir.
Etibarlı şəxs “İƏ” ilə etibarlı münasibətlərin yaradılması haqqında işdə arayış yoxdur. Lakin onun rəhbəri olduğu “Yeni sabah” İctimai Birliyin ofısinin saxlanılması, həftəlik qazetin buraxılması üçün hər ay 6000 AZN, eləcə də onun çoxsaylı səfərlərinin (marşrutlandırma) xərcləri ödənilmişdir. (2011-2015-ci illər ərzində 132.770 azn, 6150 ABŞ dolları və 2.475 Avro). Digər sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, “İƏ”-1966-cı ildə Şamaxı şəhərində anadan olmuş Əliyev İlqar Talışxan oğludur. 20.08.2014-cü ildə MTN Sabunçu Rİ tərəfındən İ.Əliyev barəsində “dövlət əleyhinə yönələn açıq çağırışlar” çaları ilə siqnal açılmış, yoxlama zamanı məlum olmuşdur ki, “İƏ” əhali arasmda “iğtişaşlara gətirib çıxara biləcək mənfı fıkirlər səsləndirir”, “dövlətə qarşı qaldırmaq üçün aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları, eləcə də Əfqanıstan, Pakistan, Çeçenistan və Siriyada döyüşmüş şəxsləri öz ətrafına cəlb edir. O, tez-tez xaricə səfərlər edir, quldurluq etdiyinə görə 1996-cı ildə həbs edilmiş, 2001-ci ildə amnistiya ilə həbsdən azad edilmişdir. ATM-in sabiq rəisi E.Quliyevin göstərişinə asasən siqnal materialları Sabunçu Rİ-dən alınmış və “Qütb gecəsi” ƏKƏİ-nə əlavə olunmuşdur.
Qeyd: İ.Əliyevin 2013 və 2014-cü illərdə Strasburqda beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirakı barədə əməliyyat məlumatları mövcuddur.
Etibarlı şəxs “TT”-Məmmədov Elnur Vaqif oğlu ilə 30.01.14-cü ildə etibarlı münasibətlər yaradılmışdır. 2011-ci ildə AR CM-nin 311.1 maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası almış “TT”, Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat vermiş, buna görə E.Quliyevin 30.01.14-cü il tarixli raportu ilə ona 10.000 AZN birdəfəlik pul mükafatı verilmişdir. Lakin bu məlumat asasında görülmüş tədbirlər barədə işdə heç bir qeyd yoxdur.
Arxiv agenti “Əlizadə” – 19.02.2014-cü ildə E.Quliyevin raportu əsasında ona, “fəal istifadə olunduğuna görə” 10.000 AZN, 07.03.2014-cü ildə 5.000 AZN məbləğində pul mükafatı verilmişdir.
Etibarlı şəxs “YFH” – keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu ilə etibarlı münasibətlər 21.01.15-ci ildə A.Məcidov tərəfındən yaradılmış, bu müddət ərzində ona 90.000 AZN pul verilmişdir. “YFH”- nın verdiyi məlumatlar ümumi xarakter daşımışdır.
Agenturaya ödənilmiş vəsait asas etibarı ilə təyinatı üzrə sərf olunmuşdur. Böyük məbləğlərdə maliyyə vəsaiti isə əsasən aşağıda adları qeyd olunan mənbələrə ödənilmişdir. Belə ki: agent “Agent Dəniz”ə – 35.348 AZN, 13695 Avro, 1.200 dollar (marşrutlandırma xərcləri), agent “Hətəm”ə 217.453 AZN, 33.180 Avro və 10.230 ABŞ dolları (çoxsaylı marşrutlandırma xərcləri), agent “Atilla”ya – 12.764 AZN, 44.615 Avro, 1.800 ABŞ dolları, agent “Samir”ə – 82.212 AZN, 53.317 ABŞ dolları və 6.070 Avro ödənilmişdir.
Agent “Samir”ə – 2013-cü ilin prezident seçkiləri ərəfəsi və zamanı heç bir ehtiyac olmadığı halda 4 ay ərzində, hər ay 10.000 AZN pul ödənilmişdir. 287.000 Avro, 5.400 ABŞ dollar və 12.000 AZN pul verilmiş agent “Terminator”-un şəxsi işi və işçi qovluğu Nazir müavini H.Əsədovda olduğundan, bu işlə tanış olmaq mümkün olmamışdır”.
Keçmiş MTN ilə əməkdaşlıq edən şəxslərin adları niyə ictimaiyyətə açıqlanır?
Məsələni Meydan TV-yə şərh edən keçmiş MTN zabiti İlham İsmayıl hesab edir ki, adlar pulların mənimsənilməsilə bağlı açıqlanır:
“Söhbət agentura şəbəkəsi üçün ayrılan pullardan gedir. Yəni agentin adı, ləqəbi və ayrılan pullar haqda məlumat var, amma vəsait çatdırılmayıb. Agentə pul verilsə də, bu, az olub, qalanı mənimsənilib”.
İ.İsmayıl bildirib ki, prosesi qapalı keçirib, məsələni həll etmək olardı:
“Məsələnin kökünə gedək, xüsusi xidmət orqanı təhlükəsizlikdən tamam başqa istiqamətlərə – mənimsəmələrə, qarətlərə, səlahiyyət həddini aşmalara yönələndə, bu işlərlə məşğul olacaqdılar. Sual yaranır; Elçin Behbudova nəyə görə pul verməliydilər? Çox qəribədir. Onun vəzifəsi işgəncələrə qarşıydı, əgər Strastburqa gedibsə, deməli, bu məsələləri ört-basdır etmək üçün pul verilib. Belə çıxır ki, Luka Volonteyə verilən vəsait Behbudova da verilib. Bəlkə onun qarşısında başqa vəzifələr qoyulub, amma məntiqlə fərqli vəziyyət yaranır. Amma agentin ləqəbin və adını deyirlərsə, bu, artıq onun məhv olması deməkdir. Agenturaya normal yanaşmaq lazımdır, ancaq agent bu şəkildə ifşa olunursa, kimi cəlb edə biləcəklər?! Həmin adamın da adının açıqlanmayacağına təminat verəcəklərmi? Hazırda yeni sistem və rəhbərlik bunlara əməl edir və çox ciddi işlər görür. Amma keçmişin özünü də birtəhər qorumaq lazımdır, əks təqdirdə, yeni “verbovkalar” çox çətin olur. Çünki “verbovka”ya gedən adam 10, 15, 30 il sonra adının açıqlanmamasına təminat istəyəcək.
Ən dəhşətlisi odur ki, daha çox QHT-lərdən, sayt, qəzet redaktorlardan istifadə olunub. Adamdan soruşarlar ki, Antiterror Mərkəzisən, yoxsa ideoloji cəbhənin nümayəndəsi? Nə üçün bunlara pul ayırmısınız? Saytlar və QHT-lər vasitəsilə terrora qarşı mübarizə aparırdınız? Elçin Quliyevdən soruşmaq lazımdır: Antiterror Mərkəzində QHT rəhbərinin, yaxud redaktorların nə işi var? Deməli, məqsəd pul mənimsəmək olub, nəinki peşəkar fəaliyyət”.