İlham Əliyevlə Nikol Paşinyan Albaniyada “səssiz” görüşüblər

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Paşinyan deyib ki, qüvvədə olan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur

Mayın 16-da Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Albaniyada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında bir araya gəliblər.

Azərbaycan və Ermənistan liderlərinin görüşü rəsmi proqramdan kənarda, qeyri-rəsmi şəkildə baş tutub.

Daha sonra Paşinyanın “Facebook” səhifəsində Əliyevlə görüşün səssiz videosu paylaşılıb.

Paşinyan həm də Azərbaycanın “İctimai Televiziya”sının suallarını cavablandırıb.

O, müxbirin “Ermənistanın Konstitusiyasında ediləcək dəyişikliklər çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları olan müddəalar çıxarılacaqmı?” – sualına cavabında yeni konstitusiya layihəsinin olmadığını deyib:

“Konstitusiyamızı təhlil etmişik, Azərbaycanın qaldırdığı məsələləri bilirik. Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan Konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır və bu çox vacibdir”.

Ermənistanın Baş naziri deyib ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var, amma onlar bu məsələni qaldırmırlar:

“Niyə qaldırmırıq? Ona görə ki, biz aydın şəkildə razılaşdırılmış sülh müqaviləsi layihəsində görürük ki, bu məsələ həll olunub”.

Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı problem görmədiyini deyib.

Lakin bunu sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda mümkün sayır.

“Mən dəfələrlə publik şəkildə bu barədə demişəm. Buna hazır olduğumuzu təsdiq edirəm”, – Paşinyan deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Paşinyanın açıqlamalarını tənqid edərək onun beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını bildirib.

Hacızadə Ermənistanın Alma-Ata bəyannaməsini pozduğunu və Konstitusiyanı dəyişdirmədən sülh müqaviləsinin etibarsız qalacağını deyib.

Nazirliyin sözçüsü iddia edib ki, Ermənistan “gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant saxlamağa” çalışır.

Azərbaycan və Ermənistan mart ayında sülh sazişinin mətni üzərində razılığa gəlsələr də, Azərbaycanın qarşı tərəfdən Konstitusiyanın dəyişdirilməsi və Minsk qrupundan çıxmaq kimi tələbləri olduğuna görə saziş hələ imzalanmayıb.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSiyasətİlham Əliyevlə Nikol Paşinyan Albaniyada “səssiz” görüşüblər