”Birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq”
Aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasın əvvəlində son günlər şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident deyib ki, bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır. 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Paris görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Dekabr görüşü də nəticəsiz başa çatdı.
ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar verdiklərini deyən İlham Əliyev onu da bildirdi ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Ölkədəki inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan prezident birinci rübdə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını bildirdi, bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətini vurğuladı.
O, dedi ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq.
Sonra energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci rübündə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər
.
Azertag