”Hər iki tərəfin investisiyalar məsələsində müxtəlif maraqları var”
“Azərbaycan prezidenti İlham Əliyevin Qətərə rəsmi səfəri zahirən ikitərəfli münasibətlərə bir yenilik gətirməyib və əməkdaşlıq haqqında beş memorandumun imzalanması ilə məhdudlaşıb.
Daxili mikromaliyyə vəziyyətinin sabitləşdirilməsi üçün Qətərdən maliyyə dəstəyi almaq üzrə növbəti cəhd yalnız niyyət olaraq qalıb, belə ki, Qətərin Azərbaycana real investisiya istəyi haqqında real saziş qeydə alınmayıb”.
“Turan”-ın Analitik Qrupunun analizində belə deyilir. Ekspertlər hesab edir ki, imzalanmış niyyət sənədlərindən yeganə tikilməkdə olan Bakı Beynəlxalq Limanına investisiya Avropa və Asiyanı birləşdirən “İpək Yolu” layihəsinin inkişafı nöqteyi-nəzərdən Qətər üçün cəzbedici ola bilər:
“Qətər KİV-ləri səfəri bu prosessual tərəfdən işıqlandırıb. Əliyevin Qətər əmiri şeyx Tamim bin Həmad əl Tani ilə görüşlərində əldə olunmuş böyük nailiyyətlər haqqında heç nə deməyiblər ki, bu da səfərin və tərəflərin münasibətlərinin qeyri-müəyyən xarakterli olduğunu göstərir.
Hər iki tərəfin investisiyalar məsələsində müxtəlif maraqları var və ikitərəfli əlaqələrdən göründüyü kimi, onlar hələ bir-biri ilə uzlaşmayıb. Azərbaycan iqtisadi böhran şəraitində maliyyə vəsaitlərində maraqlıdır, amma Tacikistanda olduğu kimi təsirin ixracında yox. Orada prezident Rəhman investisiya müqabilində Qətərin təmənnasız əsaslarla 70 mln. dəyərində məscid tikməsinə razılıq verməyə hazırdır. Öz növbəsində, Qətər Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə siyasi və ideoloji təsir kimi imtiyazlar əldə etmədən pul yatırmaq istəmir”.
“Tərəflərin rəsmi səviyyədə strateji əməkdaşlıq istiqamətində irəliləyiş əldə etmədiyini bir fakt göstərir ki, ötən ilin martında əmir Taninin Bakıya səfərindən sonra onsuz da çox kiçik olan 600 min dollarlıq ticarət dövriyyəsi 2,7 dəfə azalaraq, strateji tərəfdaşlıqda maraqlı olma haqqında ritorikanı ifşa etdi. Azərbaycan ixrac komissiyasının səfərinin fevralın ortalarından Əliyevin səfəri zamanına – fevralın sonlarına təxirə salınması faktı da bunu göstərir. Yəni Qətər Azərbaycan məhsulları üzrə danışıqlarda maraqlı olmadı və onların təqdimatı Əliyevin səfərinin formal hissəsi oldu.
Beynəlxalq ekspertlər Qətərin 2015-ci ildə neft qiymətlərinin düşməsindən sonra dondurulmuş investisiya istiqamətində fəallaşdığını qeyd edir. Amma investisiyalar əsasən Almaniya, ABŞ və Cənub-Şərqi Asiyaya yönəlib. Keçmiş SSRİ ölkələrindən Qətəri Rusiya, Ukrayna, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan cəlb edir. Ruslar bu marağa ABŞ-ın bu regionda maraqlarına əlavə maliyyə dəstəyi kimi baxır. Qətəri ABŞ-ın maliyyə ortağı adlandırırlar.
Amma Azərbaycan iqtisadiyyatına investisiyaların şəxsi səviyyədə və hökumətin nəzarəti altında həyata keçirilə biləcəyi istisna olunmamalıdır. Qapalı iqtisadiyyatlar üçün belə sxemlər yeni deyil. Qətərlilər xaricdə adətən etdikləri kimi, ən çox daşınmaz əmlaka investisiya etməkdə maraqlı ola bilərlər. Gələcəkdə böyük tikinti planları olan inkişaf etməkdə olan Bakı cəzbedici layihə ola bilərdi, özü də şəhərin rəsmi inkişaf layihəsi yoxdur və onun xaotik yenidənqurması qeyri-şəffaf şəxslərin qeyri-şəffaf vəsaitləri hesabına baş verir” – analitiklər vurğulayır.