”İlham Əliyevin masasına qoyulacaq siyahıda adımın olmasını istəmirəm”

Taleh Bağırzadə adının əfv siyahısına salınmasına etiraz edir

Source:
Taleh Bağırzadə
Taleh Bağırzadə

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə adının əfv siyahısına salınmasına etiraz edir. İlahiyyatçı fevralın 9-da bu barədə açıqlama yayıb. Hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan T.Bağırzadə açıqlamada bildirir:

“Bu yaxınlarda İşçi Qrupun əfv olunmasını tövsiyə etdikləri şəxslərin siyahısını hazırladıqlarını öyrəndim. Eşitdiyimə görə, siyahıda mənim də adım var. Buna etiraz edirəm. Birinci, ona görə ki, əfv üçün İlham Əliyevin masasının üstünə qoyulacaq siyahıda adımın olmasını istəmirəm. Mən bu müqəddəs mübarizəyə ona görə başlamadım ki, zalımın mərhəmətinə sığınım…

İkinci səbəb odur ki, niyə o siyahıda Hacı Mövsümün, Haçı Abgülün, Elcin Qasımlının, Nicat Əliyevin və digər dindarların adı yoxdur? Necə olur ki, eyni şəkildə şərlənib həbs olunan dindarların adı o siyahıya daxil edilmir, amma mənim adımı ora salıb, hələ bunu ədalətli əməl kimi də dilə gətirirlər?

Bu haqsızlıqdır və mən buna etiraz edirəm.

Nəhayət, İşçi Qrup niyə digər dindarları siyasi məhbus kimi tanımayıb? Mütəşəkkil cinayətkar dəstə donu geyindirmək üçün günahsız dindarları həbs edib, sonra mənim adımı siyasi məhbus kimi əfv siyahısına salıb, onları isə heç siyasi məhbus kimi tanımamaq hansı məntiqə sığır?

Əgər onların adını “İslamçı”, “dindar”dır deyə, ora salmırsınızsa, bilin, mən fəxr edirəm ki, İslamçıyam və adım müqəddəs İslam dini ilə yanaşı çəkilir. Əgər dindarlardan çəkinirsinizsə, o zaman mənim də adımı o siyahıya salmayın.

Mənim və qardaşlarımın müqəddəs mübarizəsində Allahın köməyi bizə yetər. Çünki ən böyük və ədalətli vəkil Odur!”

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da polisin Nardaranda keçirilən polis əməliyyatında həbs olunub. Ona 20 il həbs cəzası verilib.

Həmin əməliyyatda və ondan sonra yüzə qədər dindar həbs edilib.

Taleh Bağırzadə və digər dindarlar özlərini təqsirli bilmir. Şərləndiklərini, əməliyyatda ölən altı nəfərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiklərini, onların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polisin silahlı hücümuna məruz qaldıqlarını bildiriblər. Bəyan ediblər ki, onların nə ölkənin konstutision quruluşunu dəyişmək, nə də dini dövlət yaratmaq niyyəti olmayıb. Həbslərinin yeganə səbəbi isə hakimiyyəti, o cümlədən İlham Əliyevin siyasətini tənqid etmələri olub.

Ana səhifəXəbərlər”İlham Əliyevin masasına qoyulacaq siyahıda adımın olmasını istəmirəm”