İlham Əliyevin İrana səfəri Tramp Administrasiyasını qıcıqlandıracaqmı?

”Hər iki dövləti yeni sınaqlar gözləyir”

Source:


”Hər iki dövləti yeni sınaqlar gözləyir”

“Martın 5-də bir tərəfdən Amerika-İsrail ittifaqı, ərəb monarxiyaları, digər tərəfdən İranla arasında manevr etmək üçün çalışan prezident İlham Əliyevin Tehrana səfəri molla rejimi ətrafında yaranan yeni gərginlik dalğasının təzyiqi altında keçirilib. Müəyyən dərəcədə bu səfər ABŞ-ın artmaqda olan təzyiqindən narahat olan Tehran üçün Bakıdan daha əhəmiyyətli idi”.

“Turan” İnformasiya Agentliyinin Analitik Qrupu İlham Əliyevin İran səfəri çərçivəsində Bakı-Tehran münasibətlərini təhlil edib. Agentliyin siyasi ekspertləri hesab edir ki, hər iki dövləti yeni sınaqlar gözləyir.

Şərhçilər ABŞ prezidenti Donald Trampın İrana qarşı sələfi Obamanın yumşaq güc siyasətinə yenidən baxacağını və nüvə proqramı üzrə sazişi etibarsız elan edəcəyi barədə hədələrini xatırladaraq vurğulayırlar ki, buna doğru ilk addım kimi martın 3-də İranı təkrarən vətəndaşlarının Amerikaya girişi qadağan olunan beş islam ölkəsi siyahısına daxil edib:

“Maraqlıdır ki, Qərbin çox maraqlı olduğu Şimal-Cənub dəmiryolu layihəsinin inkişafı haqqında memorandumun əlavəsində tərəflər Vaşinqton üçün aktual olan çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üzrə mübarizə haqqında memorandum imzalayıblar. Bu sənədin mənası belə başa düşülməlidir ki, İran terrorizmə sponsorluq ittihamlarından uzaq durmağa və bu sahədə əvvəl götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır”.

“Turan Analitik Qrupu” daha sonra yazır ki, regionda gözlənilməyən mürəkkəb qarşıdurmaların nəticələri Yaxın Şərq oyununun bütün digər iştirakçıları kimi Əliyev üçün də çətindir: “O, hələlik neytrallıq göstərərək,  diplomatik cəhətdən İran ətrafında dönən növbəti oyunlara cəlb olunmaqdan sıyrılmağa müvəffəq olur. Biz şadıq ki, bu gün İran, Rusiya və Türkiyə Suriya məsələsinin ümumi həlli yolunu tapıblar və bu, regional əməkdaşlıq üçün çox yaxşı model ola bilər. Əliyevin Tehrana hazırkı birgünlük səfəri vaxt çərçivəsinə və əhəmiyyətinə görə bir il əvvəl baş tutmuş səfəri xatırladır, həmin vaxt tərəflər İrana qarşı sanksiyaların yumşaldılmasından yararlanmağa çalışaraq, layihənin həyata keçirilməsi və ticarət münasibətlərinin səviyyəsinin artırılması haqqında yekun razılaşma əldə etmişdilər. İndi yeni İran-Amerika gərginliyi mərhələsi şəraitində Əliyev İranla münaqişəyə girməmək üçün hadisələrin müxtəlif inkişaf ssenarilərinə hazır olmalıdır. Bu mənada onun yalnız bir üstünlüyü var –  dünyəvi və klerikal iki şiə avtoritar rejimlərin bir il birlikdə dostluq şəraitində mövcudluğundan əvvəlki manevr etmək təcrübəsi”.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə analitik qrupun fikirlərini bölüşmür.

O, bu barədə Meydan TV-yə danışarkən bildirib ki, Azərbaycan əhalisinin əksəriyyəti şiə olsa da, dindən uzaqdırlar:

“Siyasi məqsədlər naminə dünyada iki şiə dövlətinin adı çəkilir, birincisi İran, ikincisi Azərbaycan. Bəli, Azərbaycan və İran arasında sıx dostluq əlaqələri var, amma bunlar sözdədir. Çünki Azərbaycanda dövlət yox, ailənin mənafeyi siyasəti aparılır. Hakim ailənin maraqlarının qorunması üçün siyasət yürüdülür və hələlik səmərə verdiyindən davam edəcək”.

Zərdüşt Əlizadə

“Azərbaycanın nəyinə lazımdır ki, yəhudilərin təhrikilə İrana qarşı hücumlara başlasın? Bu, Amerika və İsrailin işidir”,- deyən Zərdüşt Əlizadə əlavə edib ki, prezident Trampın hədə və qadağaları İran-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməyəcək:

“Çünki Bakı Tehranla münasibətləri Trampın göstərişilə qurmur. Tramp prezident olmayanda da İran və Azərbaycan münasibətləri var idi. Bu yanaşma Qərb-Azərbaycan münasibətlərinə də önəmli təsir etməyəcək. Ona görə ki, Qərb, Vaşinqton üçün önəmli olan demokratiyadan çox enerji və iqtisadi maraqlardır. Bakı da bunu ödəyir. Yəni Bakı neft və qazını Qərb dövlətlərinə verir və aldığı valyutanı da Avropa banklarına qoyur. Vaşinqtonun geopolitik mənafelərinə gəlincə, bu, Rusiyanın və İranın regiondakı geopolitik maraqlarına dirənir və məhdudlaşır. Elə dövlətlər və liderlər var ki, Vaşinqtonun hökmünə əməl etmir. Bəli, Amerika aparıcı dövlətdir, amma hakim deyil”.

Ana səhifəXəbərlərİlham Əliyevin İrana səfəri Tramp Administrasiyasını qıcıqlandıracaqmı?