Mənbə: president.az

İlham Əliyevi və Allahşükür Paşazadəni məhkəməyə verən vətəndaş təzyiqlərə məruz qaldığını deyir

“Mənə olan təzyiqlər Şeyxin qudasına olsaydı, bu məsələ çoxdan həllini tapardı”

Deputat Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəyə, həmçinin atası, keçmiş deputat Qalib Salahzadəyə qarşı məhkəmədə iddia qaldıraraq, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edən paytaxt sakini Seymur Quliyev təzyiqlərə məruz qaldığını deyir. O, iddia ərizəsində cavabdeh deputatın qayınatası Allahşükür Paşazadəni üçüncü şəxs, Prezident İlham Əliyevi isə maraqlı şəxs qismində göstərib. Bu iddia üzrə məhkəmə prosesi mayın 26-na təyin edilib. İş Sabunçu Rayon Məhkəməsinin hakimi Tahirə Əsədovanın icraatındadır.

Seymur Quliyev Meydan TV-yə bildirib ki, mayın 18-də onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən çağırıblar: “Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən rəis müavini Elçin müəllim zəng eləmişdi. Məni idarəyə çağırdı. Ardınca 14-cü polis bölməsinin rəisi zəng elədi, o çağırdı. Bu bölmə də Maştağa qəsəbəsində yerləşir. Dedim, mən şəhərdəyəm, necə gəlim ora? Sonra bölmənin əməliyyat-axtarış şöbəsinin rəisi zəng elədi. Ona da eyni sözü dedim. Cavab verdi ki, eybi yox, mən gələrəm. Təsəvvür edin, axşam saat 9-da “Dostluq” kinoteatrının yanına gələcək. Bilmirəm ki, nə planları var. Mən narkotik, silahla şərlənmək ehtimalımı da istisna etmirəm. Bu barədə mənə xəbərdarlıq da olunub. Mülkiyyət hüququmun müdafiəsinə qalxanda hər şeyi gözə almışam. Əlimdə çıxarışım ola-ola, ailə üzvlərimin yaşadığı evdən çıxarılıb, uşaqlarımın oyuncaqlarının oğurlanıb, evlərimin sökülməsi mənim ləyaqət məsələmdir”.

Seymur Quliyev əlavə edib ki, mayın 17-də Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov da onu görüşə çağırıb. Onlar mayın 18-də görüşüblər: “Məhkəmənin sədri təklif elədi ki, iddia ərizəsindən Şeyxin və prezidentin adını çıxarım. Deyirəm ki, hara gedirəmsə, mənə bildirirlər ki, “bizim Şeyxə gücümüz çatmır, əgər prezident bilsə, bu işi həll edər, Qalib Salahzadənin hərəkətləri gərək ona məruzə olunsun”. Şeyx də haqq-ədalətin tərəfində deyil, əksinə, qızının, qudasının hərəkətlərinə göz yumur. Ona görə özüm prezidentə çatdırmaq qərarına gəlmişəm. Həm də Konstitusiyaya görə prezident insan hüquq və azadlıqlarının, məhkəmə hakimiyyətinin müstəqilliyinin qarantıdır. Prezident özü də deyir ki, vətəndaşlar məni məmur özbaşınalıqları haqda məlumatlandırsın. Yoxsa mən mülkiyyət hüququmu başqa cür qoruya bilmirəm. Qanuni iddiama görə mənə olan təzyiqlər Şeyxin qudasına olsaydı, bu məsələ çoxdan həllini tapardı”.

Seymur Quliyev iddia edir ki, Salahzadələr ailəsi Bilgəhdə dənizin kənarında yerləşən və 2004-cü ildən onun mülkiyyətində olan 20 sot bağını zəbt edib. Onun sözlərinə görə, əlində mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi olduğu halda, Salahzadələr ailəsi onun iki və üç mərtəbəli evlərini sökdürüb. Hazırda dəniz kənarındakı həmin ərazidən avtodayanacaq kimi istifadə olunur. Seymur Quliyev mülkiyyəti sayılan əraziyə daxil ola bilmir.

2013-cü ildə sözügedən əraziyə Xatirə Salahzadənin adına çıxarış alınsa da, Seymur Quliyevin iddiası əsasında məhkəmələr həmin çıxarışı ləğv edib.

Seymur Quliyevin şikayəti əsasında bir neçə ildir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Qalib Salahzadənin hərəkətlərində Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi müəyyənləşdirilib. O, Seymur Quliyevin bağının zəbt olunması, ərazidəki iki evin sökülməsinə görə ittiham olunur. Təxminən bir ildir ki, nazirlik işi prokurorluğa göndərib, o vaxtdan da iş üzrə icraat dayandırılıb.

Zərərçəkmiş qismində tanınan Seymur Quliyev bu ilin aprelində məhkəmədə qaldırdığı iddia ərizəsində isə ona dəymiş ziyanın ödənilməsini tələb edib. O, Salahzadələrə qarşı iddia ərizəsində evlərinin sökülməsinə görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, 5 il ərzində onun ərazisindən dayanacaq kimi istifadəyə görə 450 min, söküntü zamanı evdə olmuş daşınar əşyalara (mebel, kondisioner, paltarlar və s.) görə isə 96 min manat ödəmək tələbi qoyub. O, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda məşhurlaşan Türkiyənin “Baykar Makina” şirkətinin sahibi Səlcuq Bayraqdara müraciət edib. "Mənə "dron" verin, torpağımı məmurlardan azad edim" deyən vətəndaş mülkünün deputat tərəfindən zəbt olunduğunu diqqətə çatdırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/giaryw

Ən çox baxılan