Birinci qrup əlilliyi olan ictimai fəal şərlənməsinə etiraz olaraq bu addımı atdığını deyir
İsveçdən ailəsilə birlikdə Azərbaycana deportasiya ediləndən bir müddət sonra – mayın 2-də həbs edilən Famil Xəlilovun təcridxanada aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə “Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
“Ümumiyyətlə, Famil həbs olunandan bəri olduqca az yemək yeyir, az su içirdi ki, tualetə az getsin. Bu adam birinci qrup əlildir, qolları iflicdir. Başqalarının köməyi olmadan, təkbaşına hərəkət edə bilmir. Başqa dustaqları da tez-tez narahat eləmək istəmirdi, utanırdı…”, – hüquq müdafiəçisi bildirib.
Rüfət Səfərovun sözlərinə görə, Famil Xəlilov şərlənib həbs olunmasına və belə vəziyyətdə həbsdə saxlanmasına etiraz olaraq, mayın 22-dən aclıq edir.
Famil Xəlilivun aclıq etməsi barədə məlumatı həyat yoldaşı Kiçikxanım Xəlilova da təsdiqləyib. Onun sözlərinə görə, həyat yoldaşı mayın 23-də evə zəng edib və dünəndən aclığa başladığını deyib:
“O, qanunsuz həbsinə etiraz olaraq, bu addımı atmağa məcbur olub”.
Həyat yoldaşı əlavə edib ki, Famil Xəlilovun Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən narazılığı yoxdur. O, təcridxananın tibbi-sanitar hissəsində saxlanılır, lazım olan dərmanlar verilir. Ona ətrafdakı digər dustaqlar yardım edir.
Famil Xəlilovun aclıq aksiyası keçirməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
34 yaşlı Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hokumətdən, şəxsən dövlət başçısı İlham Əliyevdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.
Birinci qrup əlil olan Famil Xəlilov mayın 2-də saxlanılıb. Həyat yoldaşı bildirir ki, həmin gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:
“Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. Onu yedirmək, geyindirmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar…”.
Kiçikxanım Xəlilova deyir ki, əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar. Onun sözlərinə görə, ardınca onu və uşaqlarını də Binəqədi rayonu, 40-cı polis bölməsinə aparıblar. Orada onlardan telefonlar və kompüterə giriş kodlarını tələb ediblər.
Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, ictimai fəaliyyətlərinə, hökumətin ünvanına tənqidlərinə görə narkotiklə şərlənərək cəzalandırıldıqlarını bildirirlər.
Lakin Daxili İşlər Nazirliyi ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edib. Nazirliyin mətbuat xidməti həbs olunanların konkret fakt əsasında saxlandıqlarını iddia edib.