”İlham Əliyevə ona görə səs verdik ki, gəlib incitsinlər bizi?” (VİDEO)

“Mən gündə 4 dəfə ürəyimə görə dərman içirəm. Hər gün burada qalmaqaldır. Biz saat 10-dan günortaya qədə küçədə dayanırıq”. Bu sözləri “Sovetski” sakini deyir.

“Sovetski” məhəlləsində yaşayanların bu gün işığını, qazını suyunu kəsiblər. Sakinlərin sözlərinə görə, onları qazsız, susuz qoyanlar Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri olub. Onlar bunu  icra başçısı İbahim Mehdiyevin göstərişi ilə ediblər:

“8 nəfər ailə üzvüm var. Mənə 35 min manat verir. Köməkçi sahələrlə 31 kvadratım var. Mən demişəm ki, həmin puldan imtina edirəm. Mənə ev verin. Onlar ev əvəzinə, yataqxanadan mənə 1 otaq verirlər. Qonşuluqda yaşayan, 9 kvadrat evi olana isə “Gənclik”də 35 kvadratlıq ev veriblər. Bu, necə olur?”

“Sovetski”də yaşayanlar düşünür ki, bu yolla onları evlərindən çıxarmaq istəyirlər. Ancaq sakinlər kompensasiya ilə razılaşmırlar. Ya ev, ya da ev almaq üçün kompensasiya tələb edirlər:

“Bizi deportasiya etsinlər, gedək bu ölkədən. Yüz illərdir burada yaşamışıq. Heç olmasa kvadratımızı normal versinlər. Bu evi  hökumət verməyib mənə. Ata mülküdür, bu. Kimə deyək dərdimizi? Mərhum Heydər Əliyev həmişə deyirdi ki, kasıb camaatı incitməyin. Biz İlham Əliyevə ona görə səs verdik ki, gəlib dinc əhalini incitsinlər, qol gücü işlətsinlər?”

Sakinlər deyir ki, uzun müddətdir bu natəmizlikdə yaşayırlar. Uşaqları xəstəlik tapmasın deyə, onları qohumların yanına göndərməyə məcbur olurlar:

“2 nəvəmlə birlikdə balaca evdə yaşayırıq. Mənə ev verməlidirlər. Həyətimizdə antisanitariyadır. Ağcaqanad, siçan, siçovul doludur. Hər gün gəlib, bizi narahat edirlər. Heç olmasa, işığı, suyu, qazı kəsməsinlər”.

Ana səhifəVideo”İlham Əliyevə ona görə səs verdik ki, gəlib incitsinlər bizi?” (VİDEO)