“İlham Əliyevdən xəbərsız heç kim qızım haqqında belə ədalətsiz hökm çıxara bilməzdi”

Source:


Cəmil Həsənli məhkəmə qərarını özünün siyasi fəaliyyəti ilə əlaqələndirir

Fevralın 20-də Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyev Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə 1 il 6 ay həbs cəzası verib.

Milli Şura sədri, professor Cəmil Həsənlinin Meydan TV-yə daxil olan müraciətində bildirilir ki, media həbs xəbərində tələsib: “Bir sıra qəzetlər, saytlar və hətta bizim əvvəllər hörmət etdiyimiz ANS televiziyası Günel Həsənlini “həbs etməyə” bir az tələsiblər. Əvvəla, Günel həbs olunmayıb və evdədir. Hökmdən apellyasiya şikayəti veriləcək və yalnız yuxarı instansiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək. İkincisi, Yasamal rayon Məhkəməsi Günelə 1 il 6 ay məntəqətipli cəza verib. Bu, azadlığın və hərəkətin məhdudlaşdırılmasını özündə ehtiva edən məntəqə tipli cəza növüdür. Heç bir hüquqi dəlillərə söykənməyən hökmü hakim Aqşin Əfəndiyev elan edib. Ancaq bu hökm nəinki onluq deyil, heç Günelə ən yüksək cəza tələb edən prokurorluğun simasında Zakir Qaralovluq və Ali Məhkəmənin sədri Ramiz Rzayevlik də deyildir. Şəxsən cənab İlham Əliyevin xəbəri olmadan heç kəs mənim qızım haqqında  törədilən hadisəyə uyğun olmayan belə ədalətsiz hökm çıxara bilməzdi. Bir qayda olaraq belə siyasi hökmlər məhkəmələrin qərarı ilə deyil, hakimiyyətin ən yuxarı dairələrinin göstərişi ilə çıxarılır”.

Cəmil Həsənli deyib ki, iş üzrə şikayətçi olmayıb və cinayət işi hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə fakt üzrə qaldırılıb. “Hadisə ötən ilin sentyabrında baş verib. 2014-cü il, oktyabrın 2-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı yalan məlumat yayaraq, qəsdən faktları saxtalaşdırmışdı. Lakin məlumatın yalan olduğu faktlarla (o cümlədən, foto materialla) ortaya qoyulduqda, nazirlik bu yalan məlumata görə ictimaiyyətdən üzr belə istəmədi. Burada əsas məqsəd hadisəni polis orqanlarından gizlətmək adı altında Günelə cinayət işi açmaq idi. Lakin məlum oldu ki, Günel nəinki hadisəni polis orqanlarından gizlədib, əksinə 86 yaşılı Ədilə Səlimovanı bilavasitə polis işçisi ilə birlikdə Respublika Mərkəzi klinik xəstəxanasına aparıb. Nazirliyin bu yalanı ifşa olunduqdan sonra təəssüf ki, həmin əməkdaş polis orqanlarından azad edilmişdi. 86 yaşlı Ədilə Səlimovanı Respublika Klinik Xəstəxanasında müayinə edilərkən onda hər hansı sınıq, ağır və az ağır xəsarət izləri olmadığı üçün evinə buraxıldı. Eyni zamanda, bu barədə xəstəxananın qeydiyyat kitabında müvafiq qeydlər edildi. Texniki ekspertizada isə ekspertlər yalnız sürücünün məsuliyyəti məsələsinə toxunmuş, piyadanın məsuliyyəti məsələsini isə məqsədli şəkildə diqqətdən kənarda qoydular” – müraciətdə Cəmil Həsənli qeyd edib.

Professor bildirib ki, işdə vəkil kimi çıxış edən Fəxrəddin Mehdiyev bu ekspertiza rəyləri ilə bağlı vəsatətlə çıxış etsə də, lakin onun qaldırdığı heç bir vəsatət hakim Aqşin Əfəndiyev tərəfindən təmin edilməyib: “Yeri gəlmişkən, məhkəmə başlayanda Ədilə Səlimova öz təşəbbüsü ilə prosesə gəldi və onun baş vermiş hadisə ilə bağlı Günel Həsənliyə qarşı heç bir iddiasının olmadığın həm şifahi, həm də yazılı formada bildirdi. Məhkəmə prosesində dindirilən bütün şahidlər bu hadisədə Günel Həsənlinin günahının olmadığını qeyd etdilər. İşdə ölüm, sınıq, ağır xəsarət hadisəsi olmadığı halda, zərərçəkən kimi təqdim olunan Ədilə Səlimova hadisə baş verdiyi gündən indiyə qədər aktiv hərəkətdə olduğu halda, hakin belə sərt qərarı nəyin əsasında qəbul edildi? Məsələyə hüquqi don geyindirmək üçün Ədliyyə Nazirliyinin ekspertiza institutu hadisə ilə bağlı tibbi və texniki rəy verib, hər iki rəy qəsdən baş vermiş hadisəni “ağırlaşdırıcı” məcraya yönəldib”.

Cəmil Həsənli qərarın qərəzli olduğunu belə əsaslandırır: “Ola bilər hakim cənab Əfəndiyev 2002-ci ildə Dağıstan Dövlət Universitetininin hüquq fakültəsini bitirdiyindən Azərbaycan qanunvericiliyinin humanist prinsiplərinin görməzliyə vurub və bu hökmü çıxararkən zərərçəkənin heç bir şikayətinin olmadığını, Günel Həsənlinin himayəsində 10-12 yaşlarında iki azyaşlının olduğunu, onun ilk dəfə məhkəmə qarşısına çıxarıldığını nəzərə almayıb. Mən deyə bilmərəm, 2013-cü ildə, 33 yaşında hakim təyin edilmiş cənab Əfəndiyev Dağıstan Universitetində necə oxuyub?! Amma bir şey məlumdur ki, bir qayda olaraq test yolu ilə yüksək bal tələb olunan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil ola bilməyənlər, ötən əsrin 90-cı illərinin sonunda qonşu Dağıstan Muxtar Respublikasının çeşidli universitetlərinə daxil olmağa meylli olurdular. Yeri gəlmişkən, hakim fevralın 19-da, səhər saat 10:45-də hökmü elan etmək üçün müşavirəyə getsə də, o, vəd etdiyi vaxtda məhkəmə zalına qayıtmadı və məhkəmə prosesini həmin gün saat 16-ya keçirdi. Lakin saat 16-da da möhtərəm hakim qan təzyiqi yüksək olduğu üçün  hökmü elan etməyə hazır olmadı, prosesin vaxtını fevralın  20-si, saat 12-yə keçirdi. Fevralın 20-də oxunan hökmdə o, Günel Həsənliyə 1 il 6 ay müddətinə məntəqə tipli cəza elan etməklə onu sürücülük hüququndan da məhrum edib. Əlbəttə, bu gecikmə gənc hakimin qan təzyiqinin yüksəlməsi ilə deyil, bilavasitə yuxarıdan gələn siyasi qərarın yubanması ilə bağlı idi. Şübhəsiz ki, belə bir sərt qərar baş verən hadisə ilə adekvat olmayıb, bilavasitə mənim müxalif mövqeyim  ilə bağlıdır. Artıq birinci dəfə deyil ki, Azərbaycan məhkəmələri valideynlərin siyasi mövqeyinə görə onların övladlarını cəzalandırırlar. Bu qərəzli hökm də bilavasitə Milli Şura sədri kimi mənim müxalif mövqeyimlə bağlıdır və sırf siyasi xarakter daşıyır. Hər gün onlarla, yüzlərlə belə hadisə baş verir. Bir qayda olaraq tipli hadisələr müvafiq cərimə və ya sürücülük hüququndan məhrum etmə cəzası ilə yekunlaşır. Mənim siyasi mövqeyimdən başqa, Günel Həsənliyə qarşı belə sərt hökm çıxarılması üçün heç bir əsas yox idi”.

Ana səhifəXəbərlər“İlham Əliyevdən xəbərsız heç kim qızım haqqında belə ədalətsiz hökm çıxara bilməzdi”