“Şahdəniz-2” layihəsi çərçivəsində ildə 6 mlrd kubmetr qaz Türkiyəyə,10 mlrd kubmetr qaz Avropa alıcılarına çatdırılacaq
“Biz xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur”.
Prezidentin rəsmi saytının məlumatına görə, bunu sentyabrın 1-də dövlət başçısı İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində deyib.
İ.Əliyev deyib ki, Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur və hasilat, nəqliyyat artacaq. O, bildirib ki, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da həyata keçirə bilər.
“Necə ki, biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Görülən bütün bu işlərin məqsədi budur – Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. “Şahdəniz-2″ layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir”,- deyə prezident bildirib.
Açılışda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin “Şahdəniz-2” üzrə vitse-prezidenti Yuan Dramond da iştirak edib. Bildirilib ki, “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib.
Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq.
“Şahdəniz” yatağının istismarına dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihənin səhmdarları BP (28,8 faiz), TPAO (19 faiz), “Petronas” (15.5 faiz), SOCAR (10 faiz), “LUKoil” (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətidir.