İlham Əliyev xarici borcun azaldılmasını istəyir

Natiq Cəfərli: ”Dövlətin borcu sonda həmişə vətəndaşın ciyninə düşür”

Source:


Natiq Cəfərli: ”Dövlətin borcu sonda həmişə vətəndaşın ciyninə düşür”

Nazirlər Kabinetinin yanvarın 10-da iclasında prezident İlham Əliyev qarşıdakı illərdə ölkənin xarici borcunun azaldılmasının vacibliyindən danışıb.

Prezident deyib ki, bundan sonra kreditlərin alınması ilə bağlı daha ciddi siyasət aparılacaq:

“Sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu

azaldaq

”.

O bəyan edib ki, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir.

“Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil.

Xarici borc ÜDM-in 18,9 faizini təşkil edir

2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 mlrd 905 mln. 700 min manat səviyəsindən proqnozlaşdırılır. Dövlət büdcəsində xarici borcun qaytarılması üçün 2 milyard 262 milyon 800 min manat vəsait nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 621 milyon manat və ya 37,8 faiz çoxdur.

Maliyyə Nazirliyi dövlətin xarici borcu ilə bağlı ən son məlumatı 24 avqust 2017-ci ildə

paylaşıb

.

Məlumatda bildirilir ki, 1 iyul 2017-ci ildə Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 172 mln. 600 min ABŞ dolları (12 mlrd. 208 mln. 500 min manat) olub. Borcun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

2017-ci ilin əvvəlində Azərbaycanın xarici borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat) olub və o Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil edib.

2016-cı ilin iyulun 1-də isə dövlət borcu 7,638.6 milyon ABŞ dolları (11,758.9 milyon manat) təşkil edib və borcun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.0 faiz təşkil edib.

Maliyyə Nazirliyi bildirib ki, xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Borcun azalması yaxşı haldır

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu düşünür ki, əgər həmin layihələrin səmərəlilik göstəricisi yaxşı olsaydı, borcları büdcə deyil,  onu alan və mənimsəyən iri dövlət təşkilatları ödəyərdi.

Qubad İbadoğlu

Prezidentin borcların azaldılması istiqamətində çıxışına gəlincə, iqtisadçı bunun müsbət hal olduğunu deyir:

“Borcun azalması təbii, yaxşı haldır. Bu, həm də o deməkdir ki, dövlətin və gələcək nəslin öhdəlikləri azalır. 2018-ci ilin dövlət büdcəsində xarici borcların qaytarılması üçün kifayət qədər çox vəsait nəzərdə tutulub”.

Ölkə xarici mənbələrdən borclanmaya getməyə məcbur qaldı

Real idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, çox yox, cəmi 3 il bundan öncə, manatın məzənnəsi sabit olanda, neft qiymətlərinin yüksək olduğu dövrlərdə Azərbaycanın borcu ümumi daxili məhsulun (ÜDM) cəmi 8 faizini təşkil edirdi. İqtisadçı bunun dünyadakı ən yaxşı göstəricilərdən hesab edir:

“Çox az səviyyədə borclanma siyasəti həyata keçirilirdi. Amma neftin qiymətinin kəskin ucuzlaşması və iki devalvasiyadan sonra Azərbaycanda daxili resursların çatışmazlığı problemi ortaya çıxdı. Bundan sonra ölkə xarici mənbələrdən borclanmaya getməyə məcbur qaldı. Çünki bu zaman Azərbaycan bir neçə meqalayihələrin əsas tərəfdaşı idi. Əsasən də, TANAP və TAP kimi tanıdığımız Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın öz vəsaiti yetərli olmadı. Buna görə də sürətlə borclandı”.

Dövlətin borcu ÜDM-yə nisbətən 2,5 dəfə artıb

İqtisadçı deyir ki, bugün sırf dövlətin borcu ÜDM-nin 22 faizinə bərabərdir:

“Son 3 ildə isə təkcə dövlətin borcu ÜDM-yə nisbətən 2,5 dəfə artıb. Ancaq çox qəribədir, Azərbaycanda dünya praktikasından fərqli olaraq, dövlət şirkətlərinin və dövlət zəmanəti ilə götürülmüş krediti dövlət borcu kimi saymırlar. Ancaq bütün dünyada bu, dövlət öhdəliyidir. Bu Azərbaycanda praktikada da tətbiq olunur”.

Natiq Cəfərli

O xatırladıb ki, Azərbaycan Beynəlxalq Bankının borc problemi yarananda dövlət bunu öz üzərinə götürməyə məcbur oldu və nəticədə dövlətin üzərinə əlavə 3,3 milyard dollarlıq borc gəldi.

“Bu ildən həmin borcu ödəməyə başlayacaq. Dövlətin borcu qədər də dövlət şirkətlərinin SOCAR-ın, Azərenerjinin, AZAL-ın və digərlərinin xarici borcu var. Həmin borcların da əksəriyyəti dövlətin zəmanəti ilə götürülüb. Onları da hesablasaq, bu gün Azərbaycanın xarici borcu ÜDM-nin az qala yarısını təşkil edir”.

Gələcək illərdə yeni kredit layihələri bağlanacaq

Natiq Cəfərli deyir ki, borclanmanın sürəti də artıb:

“Son 2 il, 2016-2017-ci illərdə Azərbaycan sürətlə borclandı. Bu borclanma 2020-ci ilədək gedəcək. Yəni Azərbaycan daha bir neçə iri layihəyə əlavə vəsait cəlb etməyə çalışacaq. Bu, həm BP ilə uzadılmış neft müqaviləsi çərçivəsində Azərbaycanın payının maliyyələşməsi, həm də 2020-ci ilədək TANAP və TAP layihələrinin sona çatması üçün olacaq. Bu layihələr çərçivəsində də Azərbaycan yeni kredit danışıqıları aparır və çox güman 2018-2019-cu illərdə yeni kredit layihələri bağlanacaq”.

Dövlətin borcu sonda həmişə vətəndaşın ciyninə düşür

İqtisadçı prezidentin borcun fərqində olmasının müsbət olduğunu söyləyir.

“Çünki dövlətin borcu sonda həmişə vətəndaşın ciyninə düşür. 2018-ci ilin dövlət büdcəsində Azərbaycanın müstəqillik tarixində ilk dəfə büdcənin 12 faizi xarici borcun qaytarılmasına yönəlib. Bu da müsbət haldır”.

Ana səhifəXəbərlərİlham Əliyev xarici borcun azaldılmasını istəyir