“İlham Əliyev vəzifəlilərin kökün kəssin ki…” (VİDEO)

Buranın “kruqunda” bütün Azərbaycanın “qul bazarı”n yığsan, 2 milyonın söhbəti yox… Burada nə qədər adam görürsənsə, ölmək istəyir, ölə bilmir. Ürəkləri də yoxdur ki, əllərin “toka” versinlər. İlham Əliyev cənablarından xahiş edirəm, Qarabağ müharibəsin başlasın, bu sifətləri versin ora, qırsın. Həm torpaq alınsın, həm də Azərbaycan bu sifətlərdən qurtarsın”- fəhlə deyir.

Ağır işdən qabar olmuş əllər, körpünün eni boyunca uzanan salofan torbalar, iş alətləri və kiminsə iş buyuracağını gözləyən səbirsiz baxışlar. Onlar hər gün səhərdən ta gecəyə qədər Xalqlar Dostluğu metrosunun yaxınlığında dayanıb, təsadüfi işlərə ümid bağlayırlar. Fəhlələrin çoxu regionlardan gəlib. İçərilərində daha çox Lənkəran-Astara bölgəsinin sakinləridir. Doğulduqları yerdə iş tapmadıqlarına görə şəhərə çörək arxasınca gəliblər.

“İlham Əliyev vəzifəlilərin kökün kəssin ki, korrupsiya ləğv olunsun. Bundan sonra iş yerləri açılsın və onlara ciddi tapşırıq verilsin ki, hamıya bir gözlə baxılsın. Ay mənim dayım oğludur, xalam oğludur deyib o 5000 manat alsın, mən 300 manat. Bu, düzgün iş deyil. Təmiz quldarlıq dövrüdür”-Azad adlı fəhlə deyir.

Fəhlələr deyirlər ki, işləri olanda gecələmək üçün kirayə evlər tapırlar, amma pulları olmayanda elə bu körpünün altında yatırlar.

Fəhlələr danışırlar ki, onlar problemlərini dilə gətirəndən sonra adətən polislər gəlir və onları dayandıqları yerdən uzaqlaşdırırlar.

Bu fəhlələr üçün körpü yol deyil, yolsuzluqdur. Hara gedəcəklərini, günü necə bitirəcəklərini, ac, yoxsa əlüstü nəsə yeyəcəklərini,  isti evdəmi, yoxsa bu körpünün altında soyuqdan özlərinə bürünüb yatacaqlarını fikirləşirlər. Bu körpünün üstündə hərəkət var, amma körpünün altında soyuqdan hərəkətsiz qalan fəhlələr qızınmaq üçün yanlarından ötən maşınlara göz dikirlər.

Ana səhifəVideo“İlham Əliyev vəzifəlilərin kökün kəssin ki…” (VİDEO)