Vəkil Xalid Bağırov: ”Prezident vəkillərin sosial müdafiəsini artırmalı idi”
Prezident İlham Əliyev fevralın 22-də vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam
imzalayıb.
Prezidentin rəsmi saytında dərc olunan sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə quruma Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün.
Bundan başqa Nazirlər Kabineti regionlarda apelyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görməlidir.
Sərəncamda həmçinin göstərilir ki, Nazirlər Kabineti vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etməlidir, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görməlidir, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırmalıdır.
Sərəncamda Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, quruma yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin.
Eyni zamanda, sərəncamda Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın Facebook sosial şəbəkəsindəki
səhifəsi
ndə prezidentə sərəncamla bağlı təşəkkür edib.
Vəkil Xalid Bağırov prezidentin Nazirlər Kabinetinə bu istiqamətdəki tapşırıqlarını normal, amma az olduğu qənaətindədir.
Bununla belə o, prezidentin Vəkillər Kollegiyasına verdiyi tövsiyələrini anlaşılmaz hesab edir:
“Belə çıxır ki, Vəkillər Kollegiyasında olan vəkillərin ağlına gəlmədiyi bu müddəaları prezident təqdim edir. Zatən, bunlar edilməlidir, ancaq niyə prezidentin tövsiyəsi ilə? Məsələ ondadır ki, prezident dövləti təmsil edir, kollegiya isə qeyri-dövlət qurumudur. Vəkilliyin həyata keçirilməsi kollegiyaya bağlı bir fəaliyyətdir. Biz unutmamalıyıq ki, ölkədə səmərəli hüquqi yardımın olması məsələsi yalnız kollegiyanın vəzifəsi deyil, bu, dövlətin bir öhdəliyidir”.
O qeyd edib ki, Konstitusiyada dövlətin hüquqi yardım şəraiti yaradılması qeyd edilib.
“Eyni zamanda, Avropa İnsan Haqları Konvensiyası dövlətin üzərinə hüquqi yardımın keyfiyyətli olması barədə vəzifə qoyub. Bu mənada dövlət özündən asılı olan məsələlərə daha çox şərait yaratmalıdır”.
Xalid Bağırovun sözlərinə görə, prezident vəkillərin sosial müdafiəsini artırmalı idi.
“Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb. Ancaq fərqli şəkildə, tamamilə yeni bir sistem qurulmalı və kollegiyadan ayrıca bir institut yaradılmalıdır. Bu, dövlətin öhdəliyinə daxil olan məsələdir. Vəkillərin təlim keçirməsini isə kollegiyaya tövsiyə etməyin mənası yoxdur. Məgər Vəkillər Kollegiyası nə etməli olduğunu bilmirmi, imkanları nəyə çatır, onu da edəcək”.
Onun fikrincə, əgər hökumət vəkillərin hüquqi yardımının yüksək keyfiyyətli olmasında maraqlıdırsa, özü qrant ayırıb təlimləri təşkil etsin.
“Dövlət vəkillərin vergi öhdəlikləri bağlı güzəştlər edə bilər. Ən əsası isə, dövlət vəkillərin fəaliyyətinə müdaxilə etmədən insanların vəkilliyə inamlarını artıracaq addımlar atmalıdır”.
2017-ci ildə Milli Məclis vəkillik haqqında
qanun
a dəyişiklik edərək, məhkəmələrdə Nümayəndəlik institutunun ləğv edib.
Qanun layihəsi parlamentə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olmuşdu. Bir sıra vəkillər və hüquqşünaslar dəyişikliyə
etiraz
etdilər.
Qanunun imzalanmaması üçün prezidentə müraciət etsələr də, bu nəticəsiz qaldı. Qanuna dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.