İlham Əliyev və Nikol Paşinyanın fərqli davranışları

Bu yazıda əsas məqsəd İlham Əliyevin Nikol Paşinyanla və digər liderlərlə görüşdə nümayiş etdirdiyi davranışı demokratik liderin davranış prinsipləri baxımından təhlil etməkdir.

Source:

Düşənbədə prezidentlərin qeyri-rəsmi görüşü
Düşənbədə prezidentlərin qeyri-rəsmi görüşü

Bu yaxınlarda İlham Əliyev Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iclası çərçivəsində Ermənistanın yeni Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi müstəvidə görüşdü və aralarındakı ünsiyyətin görüntüsü müxtəlif videolar vasitəsilə yayımlandı. Əlbəttə, müharibə vəziyyətində olan iki dövlət və hökumət başçısı arasında istər rəsmi, istərsə də qeyri-rəsmi görüşün keçirilməsi münaqişənin sülh yoluyla nizamlanması baxımdan müsbət haldır. Bu yazıda əsas məqsəd İlham Əliyevin Nikol Paşinyanla və digər liderlərlə görüşdə nümayiş etdirdiyi davranışı demokratik liderin davranış prinsipləri baxımından təhlil etməkdir. Əsasən, internet səhifələrində yer almış Paşinyanla söhbət kadrlarında onunla və prezident Putinlə söhbət zamanı etdiyi bədən hərəkətlərinə toxunulacaq.

İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşünü nümayiş etdirən videolara baxdıqda prezidentin bir qədər narahat, özünə əminsizliyi və sərbəst ola bilməməsi aydın nəzərə çarpır.

Videodan görünür ki, liderlər hərəkətə başlayanda ilk olaraq irəliyə doğru addımlayan və İlham Əliyevlə ilk olaraq söhbətə başlayan Paşinyan olur. Kameralar qarşısında durarkən isə İlham Əliyev geniş auditoriya ilə göz əlaqəsi qurmaqdan çəkinir, Nikol Paşinyan isə ətrafla daha rahat göz əlaqəsi qurur.

Məsələn, Nikol Paşinyan prezident Putinlə ünsiyyətini göstərən bu videoda əlini çox sərbəst hərəkət etdirir, söhbət zamanı Putinlə rahat göz təması qurur. Ünsiyyət zamanı hətta əlinin birini stulun başına qoyur və düşünmür ki, mən qüdrətli Rusiya Federasiyasının prezidenti Putinlə danışıram, özümü yığışdırım, əlimi yanıma salım.

Ünsiyyətdə bir canlılıq hiss edilir. İlham Əliyevin isə Vladimir Putinin Bakıya olan səfəri çərçivəsində verilən rəsmi ziyafət zamanı nümayiş etdirdiyi bədən hərəkəti sanki onun özünə əmin olmadığından xəbər verir.

Prezidentin öz ölkəsində başqa dövlətin başçısına verdiyi ziyafətdəki duruşuna nəzər salsaq görərik ki, stol arxasında Putinin qarşısında çiyinləri düşmüş, əlləri isə stolun üstündə yox, aşağıdadır. Adətən, bu cür davranışı biz müəllim şagirdi danlayarkan, müstəntiq müttəhimi sorğulayarkən sonuncuların timsalında görürük. Putinə baxdıqda isə hiss edilir ki, özünü vəziyyətə hakim hiss edir. Çiyinlərini düz tutur, əlləri stolun üstündə və özünə güvəni daha yüksəkdir.

İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çay süfrəsi arxasında söhbət – 27 sentyabr 2018
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çay süfrəsi arxasında söhbət – 27 sentyabr 2018

Siyasi liderliklə bağlı ədəbiyyatlarda tez-tez rast gəlinən qeyd budur ki, özünə daha çox güvənən liderlər bədən hərəkətlərində daha sərbəst olur, ətrafla daha yaxşı göz əlaqəsi qura bilir və hərəkətlərindən təşəbbüskarlığa meylli olduqları hiss edilir. Bu xüsusilə siyasi rəqib, yaxud da münaqişədə olduqları dövlətin başçısıyla görüşlərdə aydın nəzərə çarpır. Müəyyən bir rəqabət hissi və gərginlik olduğundan liderlər təbii olaraq bir-biri üzərində üstünlük qurmaq və bu prosesdə daha çox özünə güvən hissi və təşəbbüskarlıq nümayiş etdirmək istəyirlər. Özünə güvən hissi aşağı olduqda liderin təşəbbüskarlığı aşağı düşür, ünsiyyətə girsə belə rahat olmur və bu da danışıqların keyfiyyətinə mənfi təsir göstərir.

Ana səhifəMənim Fikrimcəİlham Əliyev və Nikol Paşinyanın fərqli davranışları