Vahid Məhərrəmov: ”Taxılın altında olan 1 milyon hektara yaxın ərazi deqradasiyaya məruz qalıb”
“Hazırda dünyada böhran yaşanmasına baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb”.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, biz, ilk növbədə, öz tələbatımızı təmin etməliyik: “Taxılçılıqda hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bugünə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq”.
Prezident qeyd edib ki, emal müəssisələri yaradılmalıdır: “Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır. Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə Meydan TV-yə bildirib ki, taxılçılığın problemi torpaqla bağlı deyil.
O, taxılçılıqla bağlı çoxlu sayda sənədlərin imzalandığını, qanunların qəbul edildiyini və nəhayət, 100 manat subsidiya verilməsi nəzərdə tutulduğunu xatırladaraq deyib ki, bütün bunlara baxmayaraq, ortada heç nə yoxdur:
“Azərbaycan yenə də idxal buğdasından asılı qalıb. Keçən ilin 9 ayı ilə müqayisədə bu il buğda idxalı 14 faiz artıb, 140 min ton buğda gətirilib. Baxmayaraq ki, ötən il ən çox buğda idxal olunmuşdu. Bu da əlavə 2 aylıq buğdaya olan təbəbat qədərdir. Ümumilikdə, 1 milyon tondan çox buğda idxal olunub ki, bu, illik tələbatımız qədərdir. Bunları ona görə xatırlatdım ki, 2004-cü ildən sonra bu sahəyə külli miqdarda maliyyə resursu ayırıblar, ancaq taxılçılıq sıradan çıxarılıb. Çünki hökumət taxılçılığa peşəkarcasına yanaşmır və mütəxəssis olmadıqlarından nə edəcəklərini bilmirlər. Atdıqları addımlar da yeni problemlər yaradır. Artıq taxılın altında olan 1 milyon hektara yaxın ərazi deqradasiyaya məruz qalıb. Vaxtında həmin sahələrə zamanında üzvi və mineral gübrə verilmədiyindən, qaydasında suvarma işləri aparılmadığından məlum vəziyyət yaranıb. Bu, o deməkdir ki, 1 milyon hektar sahədən əvvəlki kimi məhsul götürmək mümkün deyil. Hazırda hökumət həmin əkin sahələrini münbitləşdirmək əvəzinə, örüş sahələri olan xam torpaqları əkin üçün dövriyyəyə verməklə nəyəsə nail olacaqlarını düşünür. Anlamırlar ki, həmin torpaqlar da bu cür davam edərsə, öz keyfiyyətini itirəcək. Səbəbi odur ki, torpaqla işləməyi bacarmırlar”.
Vahid Məhərrəmov prezidentin emal müəssisələri barədə dediklərini belə şərh edir: “Azərbaycanda əsas emal müəssisələri südlə bağlıdır və biz südə olan ehtiyacımızın yarısını ödəyə bilirik. Emal müəssisəsi nədir? Əgər xammal xaricdən gətirilirsə, ölkədə həmin buğdanı üyüdüb un etmək qeyri-mümkündür. Yaxud şəkər istehsalı üçün xammalı xaricdən alırıqsa, onu istehsal edib xaricə göndərmək baha başa gələcək. Eləcə də çay, bitki yağı və s. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının isthsalıyla bağlı problem olduğu üçün biz onların emalıyla məşğul olıa bilmərik. Emal üçün xammal istehsal etmək vacibdir, Azərbaycanda isə xammal xaricdən idxal olunur. İlin 9 ayında qida məhsullarının ixracı 61 faiz azalıb, konkret olaraq, bitki yağı, şəkər, çay məhsulları. Səbəb də odur ki, həmin məhsulların xammalının idxalı baha başa gəlir” .