İlham Əliyev Şimali Koreyanın xarici işlər nazirini qəbul edib

Source:

”İkitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaranıb”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında

məlumat

verilib.

İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.

Prezident Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib.

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırdı. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğuladı ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının göstəricisidir.

Hazırda Şimali Koreya dünyaya tədricən açılım siyasəti keçirmək niyyətindədir. Bu məqsədlə ölkəyə turistik səfərlər də təşkil edilir. Azərbaycandan bu ölkəyə ilk səfər edənlərdən biri də ictimai fəal Bəxtiyar Hacıyevdir.

Meydan TV-ə müsahibəsində B.Hacıyev

bildirmişdi

ki, hazırda Şimali Koreyanın “yumşaq diplomatiya” siyasəti davam etsə, başqa ölkələrlə yanaşı Azərbaycanla da münasibətlərinin yaranması mümkündür.

Məsələ ondadır ki, Şimali Koreyadan dünyaya açılım istəyi kifayət qədərdir. Şimali Koreya cəmiyyətində xarici xəbərlərə çıxış yoxdur:

“Müxtəlif insanlar bizim qaldığımız hotelə yaxınlaşıb xarici dövlətlərin elektron informasiya kanallarında ölkələri barədə nə dediklərini soruşurdular. İstənilən insan dünyada nə baş verdiyini öyrənmək istəyir. Onlar Amerikanın ölkələrinə qoyduğu sanksiyalardan narahatlıqlarını ifadə edib deyirdilər ki, buna görə dünyadan təcrid olunublar”.

Onun sözlərinə görə, hazırda dövlət və cəmiyyət səviyyəsində təcrid olunmağı aradan qaldırmaq istəkləri görünürdü.

Ana səhifəXəbərlərİlham Əliyev Şimali Koreyanın xarici işlər nazirini qəbul edib