İlham Əliyev: Sərhəddə hər hansı bir toqquşma baş verməyib

“Bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”.

Source: Specify Source

Azərbaycan Prezidenti: "Vəziyyət sabitdir, danışıqlar davam etdirilir"

Prezident İlham Əliyev Ermənistanın sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirdiyi qənaətindədir.

Bu barədə İlham Əliyev mayın 17-də Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə telefon söhbətində bildirib.

Dövlət başçısı deyib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil: "Bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Ermənistanın rəsmi qurumları mayın 12-də Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olduğu barədə açıqlama yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə son bir neçə gündə yaydığı bəyanatda baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayıb.

2020-ci ilin sentyabrın sonunda başlayan 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğalından azad edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətİlham Əliyev: Sərhəddə hər hansı bir toqquşma baş verməyib