Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurası iclasında və Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının dekabrın 22-də gerçəkləşəcək qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.
Prezident Administrasiyasından bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə, Prezident Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmayıb.
MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinə səbəb kimi isə İlham Əliyevin iş qrafikinin sıxlığı göstərilib.
Öz növbəsində Rusiya tərəfi bu addımı anlayışla qarşıladığını deyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvada Azərbaycan prezidentinin MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak etməməsinin səbəbini anlayırlar.
“Biz tamamilə anlayışla yanaşırıq. Həqiqətən də, bütün dövlət başçılarının çox gərgin iş qrafiki var, xüsusən də dekabrda, Yeni il ərəfəsində”.
O əlavə edib ki, Azərbaycan MDB-nin bütün formatlarında iştirakını davam etdirir:
“Biz Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi, konstruktiv əməkdaşlığı inkişaf etdirməyə davam edirik”.
Azərbaycanın da üzv olduğu MDB çərçivəsində dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşləri hər il təşkil olunur.
Ötən il də Prezident İlham Əliyev bu sammitdə iştirak etməmişdi. Həmin vaxt bu qərarın səbəbi kimi AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması göstərilmişdi. Hadisə iki ölkə arasında müəyyən gərginlik yaratmışdı.