Hər iki ölkə başçısı əməkdaşlıqdan məmnun olduqlarını deyiblər
Azərbaycan və Rusiyanın dövlət başçıları hər iki ölkənin əlaqələrinin inkişafından razıdırlar.
Bu barədə aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.
O, Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyib:
“Ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur”.
“Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, – deyə Rusiya Prezidenti İlham Əliyevlə təkbətək görüşündəki müzakirəyə toxunub.
Vladimir Putin iki ölkənin əmtəə dövriyyəsinin 4 milyard dollardan çox olduğunu deyərək əlavə edib ki, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır:
“Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur”.
Azərbaycanın Prezidenti də əlaqələrin inkişafından çox razı qaldığını söyləyib.
Əliyevin sözlərinə görə, artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında imzaladıqları əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərin ardıcıl inkişafını müəyyən edən “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə çərçivəsində işləyirlər.
“Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”, – deyə Əliyev əlavə edib.