İlham Əliyev: “Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür”

Foto: Azərtac

Azərbaycan Prezidenti İlham Əliyev son dövrlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsindən danışıb.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verən Əliyev ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından söz açıb, daha sonra isə mövzunu Rusiyada iki nəfər azərbaycanlının öldürülməsinə gətirib. 

“Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər (AZAL təyyarəsinin vurulması barədə). Bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirildi və işgəncələrə məruz qaldı. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Bu, xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”, – İlham Əliyev müsahibəsində deyib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. 

Prezident İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib.

2025-ci il ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb.

Ana səhifəXəbərlərİlham Əliyev: “Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür”