İlham Əliyev rəqəmsal ticarətlə bağlı fərman imzaladı

”Elektron ticarətin hüquqi və infrastruktur bazası beynəlxalq tələblərə uyğunlaşacaq”

Source:


”Elektron ticarətin hüquqi və infrastruktur bazası beynəlxalq tələblərə uyğunlaşacaq”

İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı fərman imzalayıb.

Məlumatı president.az  yayıb. Bildirilir ki, məqsəd qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, ixrac imkanlarını genişləndirmək, rəqabət qabiliyyətini artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaqdır:

“Habelə, Azərbaycanın aparıcı mövqeyini gücləndirmək nəzərdə tutulur”.

Fərmana görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 ay ərzində www.azexport.az  internet portalında “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını təmin etməlidir.

Həmin bölmə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında müqavilələrin elektron formada tərtibinə və imzalanmasına imkan verməlidir.

3 ay ərzində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsindən ötrü müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlər yaradılması təmin olunmalıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nəqliyyat, rabitə və yüksək texnologiyalar, vergilər nazirlikləri, dövlət gömrük, xüsusi dövlət mühafizə xidmətləri ilə birlikdə fərmandan irəli gələn məsələləri həyata keçirməlidir.

Fərmanda bəzi tədbirlərin maliyyələşdirilməsindən ötrü mərkəzə 450 min manat ayrılması nəzərdə tutulur.

Ana səhifəXəbərlərİlham Əliyev rəqəmsal ticarətlə bağlı fərman imzaladı