Paradda Azərbaycan Prezidenti də daxil olmaqla 29 ölkə başçısının iştirak edəcəyi açıqlanmışdı
Prezident İlham Əliyev Moskvada mayın 9-da keçirilməsi nəzərdə tutulan Qələbə paradında iştirak etməyəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də məlumat verib.
“Təəssüf ki, Əliyev gəlməyəcək, belə bir informasiya daxil olub. Səbəbini onun Heydər Əliyevə həsr olunmuş ölkədaxili tədbirlərdə iştirakı ilə izah ediblər”, – o deyib.
Rusiya lideri Vladimir Putin prezident İlham Əliyevi Moskvada keçiriləcək tədbirlərə martın 15-də telefon danışığı zamanı dəvət edib.
Bundan əvvəl Uşakov paradda Azərbaycan Prezidenti də daxil olmaqla 29 ölkə başçısının iştirak edəcəyini açıqlamışdı.
Y.Uşakov Laos liderinin də parada qatılmayacağını bildirib.
Artıq Çin lideri Si Cinpin, Serbiya prezidenti Aleksandar Vuçiç Moskvaya səfər ediblər. Venesuela lideri Nikolas Maduro da Rusiyadadır.
Mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək.
Budəfəki Qələbə paradının əsas iştirakçıları – Çin, Braziliya, Belarus, Serbiya, Venesuela və Mərkəzi Asiya ölkələri – Rusiya ilə ya strateji tərəfdaşlıq, ya da uzunmüddətli siyasi yaxınlıq göstərən dövlətlərdir.
Avropa İttifaqının baş diplomatı Kaya Kallas potensial Aİ üzvlüyünə namizəd ölkələrin liderlərini bu hərbi parada qatılmamaları barədə xəbərdar edib, onları Ukrayna ilə həmrəylik göstərməyə çağırıb.