Natiq Cəfərli: ”İndiki yanaşma və idarəetmə üsulu ilə pambıqçılıq xeyir verməyəcək”
“2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olub. Cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton pambıq tədarük edilib. 2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq”.
Prezident İlham Əliyev martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində belə
deyib
.
O, xatırladıb ki, 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi:
“Biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil”.
İqtisadçı Natiq Cəfərli deyir ki, XXI əsrdə dünya nanatexnologiyalardan, innovativ iqtisadi modeldən, post-isdustrial iqtisadiyyatdan danışır, biz isə pambıqdan. Bu, ayrı dərddir. Amma düz bir il öncə 28 mart 2017-ci ildə bu sahədə olan miflərdən, nağıllardan, məhsuldarlığın çox aşağı olduğundan danışmışdım:
“Bu sahəni araşdırmadan qərarlar verilib. 2005-ci ildə ölkədə 112 min 441 hektarda pambıq əkilmişdi, həmin il 200 min tona yaxın pambıq yığılmışdı. Bu göstəricinin Azərbaycan iqtisadiyyatında ciddi rolu olmadı. Sonradan neft pulları gəldi, pambıq yaddan çıxdı, 2015-ci ildə cəmi 18 min 684 hektar sahədə pambıq əkildi. Keçən ildən başlayaraq yenə pambıq əkini sahələri artırılır və 2017-ci ildə 200 min ton pambıq yığılması hədəf kimi qarşıya qoyulub. Yəni, biz pambıqçılıqda ən yaxşı halda yenidən 2005-ci ilə qayıdacağıq. Amma bu günə qədər hökumət bir araşdırma aparıbmı ki, 10 ildə pambıq əkini sahəsi niyə 6 dəfə (!!!) azalıb?! Əgər bu orqanik böyüyən və orqanik gəlirliyi olan sahə, yəni sərfəli olsaydı, niyə insanlar 10 ildə əkin sahəsini 6 dəfə azaltdılar?!”
Məhsuldarlıq məsələsinə gəldikdə, Natiq Cəfərli deyir ki, 2015-ci ildə ölkə üzrə hər hektardan ortalama, 18,8 sentner pambıq yığılıb. Ən pis göstərici Zərdab rayonunda olub – hektardan cəmi 1 sentner. Ən yaxşı göstərici isə Bərdə rayonunda olub – hektardan 28 sentner pambıq yığılıb, Saatlı rayonunda məhsuldarlıq hər hektardan cəmi 15 sentner olub:
“Arayış üçün deyim ki, məhsuldarlıq hər hektardan Özbəkistanda 29 sentner, Qazaxstanda 31 sentner, ABŞ-da 43-45 sentnerdir. Hesablamalara görə ortalama məhsuldarlıq hər hektardan 25 sentner olanda pambıq əkib-becərmək üçün xərclər ödənilir, 25 sentnerdən artıq məhsuldarlıq olanda isə bu sahə ilə məşğul olmaq sərfəli olur”.
O qeyd edib ki, pambıq qiymətlərinə gəldikdə isə dünya bazarlarında 5 növ pambıq satılır, ən baha əla növ pambıqdır ki, əsasən Misir, ABŞ, Hindistan və Çində bu növ pambıq istehsalı olur. Dünya pambıq bazarının 7%-ni təşkil edən Özbəkistan 3,2 mln. ton pambıq tədarük edir ki, bunun cəmi 5-8%-i əla növ kimi satışa çıxarılır.
Əla növ pambığın tonu 1500 dollar civarındadır, 1-ci növ 1300 dollar, 2-ci növ 1100 dollar, 3-cü növ 900, 4-cü növ isə 800 dollardır.
“Bizim pambıq 3-cü və 4-cü növ kateqoriyasına aiddir. Deməli, pambıqçılıqda əsas hədəf əkin sahəsini genişləndirmək deyil. Bizdə bu yolu tutdular, otlaq və yem sahələrində pampıq əkdilər – ətin qiyməti qalxdı. Əsas məsələ məhsuldarlıq və keyfiyyətdir! Yəni, biz pambıqdan gəlir götürmək istəyiriksə, hər hektardan, azı, 30 sentner pampıq yığmalıyıq ki, bunun da heç olmasa, 10%-i əla növ, 50%-i 1-ci növ, qalanı isə 2-ci, 3-cü və 4-cü növ növ olsun. Məhz o zaman bu sahənin ölkəmizə xeyri dəyə, qazanc gətirə bilər”.
İqtisadçının fikrincə, indiki yanaşma və idarəetmə üsulu ilə pambıqçılıq xeyir verməyəcək, əksinə, texnika, kübrə alımı ölkədən valyuta çıxarılmasına səbəb olacaq, insanlara əziyyət və xəstəliklərdən başqa bir xeyri dəyməyəcək.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da deyir ki, pambıq sahəsində bu gün kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda heç vaxt bir milyon ton pambıq yığılmayıb:
“Azərbaycanda 1968-ci ildə 333,6 min ton pambıq tədarük edilmişdi. Sonralar da orta hesabla hər ildə bir o qədər məhsul əldə olunurdu. Lakin 70-ci illərdə ölkəyə rəhbərlik edənlər “pripiska” yolu ilə bu rəqəmi 3 dəfə şişirdib 1981-ci ildə istehsalı bir milyon ton göstərmişdi”.
Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib. Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında, eləcə də 2017-ci ildə “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” sərəncamlar verib.
Həmin sənədlərə əsasən istehsalçılara iki ildir, tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat verilir. Bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilməyə başlanıb.