İlham Əliyev: Pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək

Rövşən Ağayev: ”Məmurlar hesablama aparanda, təkcə qazancları yox, itkiləri və riskləri də nəzərə almalıdır”

Source:
İlham Əliyev
İlham Əliyev


Rövşən Ağayev: ”Məmurlar hesablama aparanda, təkcə qazancları yox, itkiləri və riskləri də nəzərə almalıdır”

“Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Bugünkü müşavirə ona görə təşkil edilir ki, biz həm keçən bir neçə ay ərzində görülən işlərlə bağlı fikir mübadiləsi aparaq, – burada məruzələr səslənəcək, – eyni zamanda, gələcək illər üçün fəaliyyət planı hazırlanır və biz bu gün bu barədə də danışacağıq”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsində deyib.



”Biz özümüzü ətlə tam təmin edirik”

Dövlət başçısı Azərbaycanda müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrü yaşandığını bildirib. O, bildirib ki, 2003-cü ildə ilk dəfə prezident seçildiyi gündən bugünədək qarşısına qoyduğu bütün məqsədlərə çatıb. Belə ki, 2004-cü ilin əvvəlində birinci regional inkişaf proqramı qəbul edilib və beş il ərzində 600 min iş yeri yaradılıb.

Regionların inkişafı üçün böyük investisiyalar qoyulub, yollar, elektrik xətləri çəkilib.

Prezident deyib ki, qarşıya qoyulan əsas vəzifələrdən biri kənd təsərrüfatı sahəsinin inkişafıdır : ”Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var”.



”Əlbəttə, biz bazar iqtisadiyyatına sadiqik”

”Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının digər sahələri bir qədər diqqətdən kənarda qalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək.

Beləliklə, hesab edirəm ki, bu il bu sahədə dönüş ili olmuşdur. Bir daha qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq təsərrüfatı bölgüsü aparılırdı. Bəzi respublikalarda heyvandarlıq, taxılçılıq inkişaf edirdi. Azərbaycanda isə qeyd etdiyim kimi, üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələr inkişaf edirdi. Sovet İttifaqı dağılandan sonra respublikalararası əlaqələr də kəsildi və beləliklə, biz çətin bir vəziyyətlə üzləşmişdik. Bu gün biz respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır .

Bu il baramaçılıqda böyük inkişaf müşahidə olunur : ”Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək.

Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik.

Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır” – prezident vurğulayıb.



”Bu il pambıqçılığın bərpasının birinci ilidir”

İlham Əliyev neftin qiymətdən düşməsindən də danışıb : ”Bildiyiniz kimi, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “Ağ qızıl” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əskilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur.

Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən az 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək.

Dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə gəlirlərimiz 3-4 dəfə azalıb. Buna baxmayaraq biz yenə də kənd təsərrüfatı texnikası alıb fermerlərə güzəştli şərtlərlə vermək üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, onlar da pul qazansınlar və dövlətə də bunun xeyri olsun”.



”Son 13 il ərzində 1 milyon 300 min iş yeri yaradılıb”

”Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, – Prezident Administrasiyası, Kəndə Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, – biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə, ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində – cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik.

Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir. 1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik ki, məhsuldarlıq daha artsın. Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər.

Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq” – İlham Əliyev nitqini bitirib.



“Torpaqların ətrafında dren şəbəkəsi qurulmalıdır”

İqtisadçı Rövşən Ağayev keçirilən müşavirəni öz “Facebook” səhifəsində şərh edib:

“Belə anlaşılır ki, hökumətin pambıqçılıqla bağlı planları kifayət qədər ciddidir. Bu il 50 min hektar əkilibsə, növbəti illərdə pambıq əkinlərinin dəfələrlə atırılması hədəflənib. Tədbirdə qeyd edildi ki, sahənin inkişaf üçün yeni traktor və kombaynlar da sifariş edilib.

Rövşən Ağayev

Sovetlər dönəmində örüş və biçənək fondu kimi saxlanan və suvarılması, həmçinin şumlanması qadağan edilən torpaq fondu hazırda Azərbaycan hökuməti tərəfindən əkinlərə, o cümlədən pambıq əkinlərinə cəlb edilir. Bu torpaqlarda suvarma sistemləri qurulur, şumlama-əkin işləri aparılır. Problem ondadır ki, həmin torpaqların ətrafında həmçinin dren şəbəkəsinin qurulmasına ehtiyac olduğu halda, bu edilmir. Nəticədə isə bu ərazilərdə intensiv suvarma yeraltı suların artmasına, yaxın ətrafında keyfiyyətli torpaqların sürətlə şoranlaşmasına səbəb olur.

Beyləqanda doğulduğum kənd artıq 10 ildən çoxdur bu fəlakətin qurbanıdır. Bizim kənddən yuxarıda – Füzuli rayonuna yaxın ərazidə Haramı düzənliyi kimi tanınan, Sovetlər dönəmində əkilib-suvarılmayan torpaqlarda aktiv becərmə işləri bizim kəndi su altında qoyub. 700 hektara yaxın yüksək keyfiyyətli torpağı olan kənd yeraltı suların altında batır. Onlarla evin zirzəmisi, həyəti yay aylarında (fəal suvarma dövründə) yeraltı sulara qərq olur.

Mütəxəssislərin dediyinə görə, kəndin ərafından ən azı 10-15 km-lik açıq dren şəbəkəsi qurulmasa, yaxın illərdə bu kəndin ərazisi, bütün keyfiyyətli torpaqları istifadəyə və yaşayışa yararsız hala düşəcək.

Məmurlar hesablama aparanda, təkcə qazancları yox, itkiləri və riskləri də nəzərə almalıdır.

Yeri gəlmişkən, Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyətinin artırılması ilə bağlı ayrıca bir dövlət proqramının qəbulu son dərəcə vacibdir”.

Ana səhifəXəbərlərİlham Əliyev: Pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək