”Əgər gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq”
Noyabrın 17-də prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Azərbaycan prezidenti görüşün gedişində Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson ilə fikir mübadiləsi aparıb.
“AzVision.az” onların arasında olan dialoqu yayıb:
Yonas Olof Erikson:
– Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Bura çox gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox təsirləndirici şəhərdir, Azərbaycan çox təsirləndirici ölkədir. “TT” agentliyinin baş icraçı direktoru və Avropa Xəbər Agentlikləri Alyansının prezidenti olmağımla yanaşı, mən həm də atayam. Mənim iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var; cənab Prezident, əgər mənim uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini seçsəydilər, bu, mənim üçün çox sevindirici hal olardı. Sizin uşaqlarınıza gəldikdə, uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?
İlham Əliyev:
– Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə – ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir.
Mənim oğlum tələbədir. Gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq.